10 C
Baku
Friday, December 13, 2024

Dünya Bankı Azərbaycanda 2 dövlət şirkətində qadınların rolunun artırılması üzrə tövsiyələr hazırlayıb

Dünya Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də qadınların rolu ilə bağlı araşdırma apararaq, tövsiyələrini hazırlayıb.

Bu barədə Bankın Azərbaycan ofisinin proqram koordinatoru Leyla Tağıyeva deyib.

O bildirib ki, hər iki qurumun bu məsələyə münasibəti müsbətdir və qadınların iştirakını artırmaq üçün müəyyən işlər görülür: “Biz burada işçi qüvvəsinə, qadınlarla bağlı insan resurslarının siyasətinə, bir sıra prosedurlara və qadınların sayına baxdıq. Həmçinin işə qəbul və işdə saxlanma prosedurlarına, karyeranın inkişafı, liderlik mövzularına nəzər yetirdik. Bu istiqamətdə təhlillər apardıq”.

L. Tağıyeva qeyd edib ki, təhlillər bir neçə istiqamətdə aparılıb: “İlk olaraq rəsmi sənədlərə baxıldı, son 3 ilin təhlili aparıldı. Qadınların aldığı əməkhaqqı, onların çalışdığı sahələrdə roluna da diqqət yetirilməlidir. Ümumiyyətlə qadınların say baxımından vəziyyətinin yaxşı olduğu deyilən şirkətlərdə ilk əvvəl onların vəzifə və maaşına baxılmalıdır. Çünki həmin şirkətlərdə qadınlar təmizləyici və bu tip işlərdə çalışa bilər. Bu zaman sayın bərabər və ya çox olması o dərəcədə əhəmiyyət kəsb etmir. Bundan əlavə qadınlar üçün şirkətlər tərəfindən infrastruktur da uyğun olmalıdır”.

“Azərbaycan Dəmir Yolları” və Bakı Limanında qadınlar üçün xüsusi güzəştlərin tətbiq edildiyini bildirən Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb ki, burada analar, yeni övladı olmuş valideynlər üçün müəyyən güzəştlər var: “Bakı Limanında çalışan qadınların sayı son 3 ildə 20 % artıb. Hazırda Bakı Limanında 617 şəxs çalışır və 20 % artımdan qadınların sayı 51-ə çatıb. “Azərbaycan Dəmir Yolları”nın isə 15 000-ə yaxın əməkdaşı var ki, təbii olaraq qadınların sayı digərlərinə nisbətdə daha çoxdur. Hazırda hər iki şirkət rəhbər vəzifələrdə və texniki fəaliyyətlərdə qadınların sayının artırılması ilə bağlı hədəfləri müəyyən etmək üçün düşünür. Daha bir məsələ isə kommunikasiya strategiyasına diqqət yetirilməsidir. Həm şirkət daxilində, həm də kənarda dəmir yollarının obrazı kişilərlə əlaqəli olub. Amma indi fotolarda qadınların da olduğunu görürük ki, bu da müsbət hal kimi dəyərləndirilir”.

Şirkətlərin qadınlar barədə siyasətinə toxunan L. Tağıyeva deyib: “Qurumların gender bərabərliyi üzrə rəsmi siyasəti olmalıdır. Bu siyasət şirkətdə çalışanların məlumatlandırılması üçün çox vacibdir. Şirkətlərdə qadınların fəaliyyəti ilə bağlı hesabatlılıq olmalıdır. Hazırda bir çox şirkət könüllü olaraq bu barədə məlumatlar toplayır, lakin bununla bağlı heç bir hesabat vermirlər. Həmçinin cəmiyyətdə qadınların iş həyatı ilə bağlı təlimlərə çox ehtiyac var. Qadınların çalışması ilə bağlı stereotiplər var. Bu məsələdə yalnız şirkət rəhbərinin maarifləndirilməsi kifayət etmir, şirkətdə çalışan hər kəs bu istiqamətdə məlumatlandırılmalıdır. Məsələn maşinistdən niyə maşinist qadınların olmadığını soruşanda bu işin çox məsuliyyətli olduğunu deyir. Bizim cərrah qadınlarımızın olduğunu nəzərə alsaq artıq cəmiyyətdə qadınların məsuliyyət götürdüyünü görə bilərik”.

Onun fikrincə, ən önəmli məsələlərdən biri isə şirkətlərdə qadınların qısnamaya məruz qalmasıdır: “Azərbaycanda dövlət şirkətlərində bunlara rast gəlinməsə də, özəl şirkətlərin az qismində bu cür hallar olur. Bununla bağlı xüsusi mexanizm yaradılmalıdır. Hazırda heç bir şirkətdə belə bir mexanizm yoxdur. Bir qadın şirkətdə qısnamaya məruz qalarsa müraciət edə biləcəyi yer ya yoxdur, ya da HR-a (insan resursları bölməsinə). Ancaq insan resurslarına müraciət edilməsi də düzgün yanaşma deyil. Qadınlar üçün anonim müraciət edə biləcəyi, kömək alacağı və şirkətin dəstəyini görə biləcəyi yer, rəsmi bir siyasət olmalıdır”.

Dünya Bankının nümayəndəsi vurğulayıb ki, gələcəkdə ali təhsil müəssisələrində və peşə məktəblərində qadınların maarifləndirilməsi, karyerada inkişaf üçün yol göstərilməsi istiqamətində fəaliyyət göstərmək nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər