9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda torpaq qanunvericiliyi niyə pozulur?

Azərbaycanda bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və yaxud zəbt edilir.

Bu qənaətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) apardığı monitorinqlərdən, rayon icra hakimiyyətlərindən aldığı məlumatların təhlilindən sonra gəlib.

Bəs ölkədə torpaq qanunvericiliyi niyə pozulur və qarşısını necə almaq olar?

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, torpaq qanunvericiliyin pozulması halları əsasən əhaliyə pay torplaqlarının verilməsindən sonra artıb.

“Pay torpaqlarında tikinti aparılır”

“Pay torpaqlarının statusu kənd təsərrüfatı təyinatlı idi və orda hansısa tikinti aparmağa icazə yox idi. Buna baxmayaraq əhali bir çox hallarda həmin torpaqlardan həyət evlərinin tikintisi üçün istifadə etdi. Həmin dövrlərdə bu məsələyə ciddi nəzarət yox idi. Bu gün həmin pay torpaqlarının üzərində on illərlə ömrü olan tikililər var. Onların sökülməsi və yaxud torpaq sahəsinin statusa uyğun istifadəsi mümkün deyil. Torpaq kənd təsərrüfatı təyinatlıdırsa, onun üzərində yaşayış təyinatlı inşaat işləri aparmaq olmaz və buna hər kəs əməl etməlidir. Bu cür hallar yerli bələdiyyələrin və müvafiq icra strukturlarının prosesə göz yumması nəticəsində baş verir. Azərbaycanın bütün rayonlarında, Bakı və Bakı ətrafı ərazilərdə, Abşeronda belə hallara rast gəlirik. Bu hallar aradan qaldırılmalıdır”, – deyə o qeyd edib.

“Vətəndaşlar maariflənməlidir”

“ƏMDX-nın apardığı araşdırmalar yerində atılmış addımlardır. Belə hallar müəyyən olunduqda ilk növbədə onun səbəbləri, bu tikilinin hansı yollarla tikilməsi, bu prosesdə qanun pozuntusuna hansı strukturların yol verdiyi müəyyən edilməli və ciddi cəza tədbirləri görülməlidir. Müvafiq qurumlara xəbərdarlıq edilməlidir ki, belə hallara yol verilməsin. Paralel olaraq əhali arasında ciddi maarifləndirmə işi aparılmalıdır. Çünki torpağın təyinatı onun xarakterinə görə müəyyən edilir. Hansısa əkin sahəsində yaşayış yerinin tikilməsi ölkə iqtisadiyyatına vurulan zərbədir. Çünki əkin sahələrinə çox ciddi ehtiyac var. Müvafiq dövlət qurumları belə qanunsuzluqların qarşısını almalı və özləri də belə hallara yol verməməlidir”, – deyə ekspert vurğulayıb.

“Belə torpaqların statusu dəyişdirilməlidir”

V.Oruc deyib ki, bu günə qədər qanunsuz tikilmiş on minlərlə evin sökülməsi, həmin ərazilərin yenidən vəziyyətinə qaytarılması məqsədəuyğun deyil: “Üzərində qanunsuz tikinti aparılan torpaqlara Abşeronda daha çox Məhəmmədi, Novxanı, Albalılıqda rast gəlinir. Böyük bir massivdə torpaq sahələrinin statusunun kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq orada yanaşı evlər tikilib. Bu halın aradan qaldırılması və qanunauyğunluğun təmini üçün həmin ərazilər yenidən nəzərdən keçirilməli və o torpaqların statusu dəyişdirilməlidir”.

Onun sözlərinə görə, qeyri-yaşayış təyinatlı torpaqlar ucuz qiymətə satılır, ona görə də insanlar belə torpaqlara üz tutur: “Yaşayış təyinatlı torpaq sahələri isə nisbətən bahadır. Buna görə də yeni qurulan, aztəminatlı ailələr üzərində tikinti işləri aparmaq üçün torpaq seçərkən onun təyinatına çox da önəm vermirlər. Bu da gələcəkdə problemlərə səbəb olur. Ona görə də bu məsələdə vətəndaşlar da ayıq-sayıq olmalıdır”.

“Hüquqi məsələlərə diqqət edilməlidir”

“Bu günkü hansısa hüquqi problem sonradan digər problemə yol açır. Hansısa əmlakın dəyəri müəyyən ediləndə ilk növbədə onun hüquqi cəhətdən istifadəsinin mümkünlüyü və faydalılığı nəzərə alınmalıdır. Əgər hüquqi cəhətdən onun üzərində tikinti aparılmasına icazə varsa, bu, həmin əmlakın qiymətini artırır. Bəzən torpaq sahəsinə giriş digər torpaq sahəsindən olur. Bu zaman gələcəkdə vətəndaşın həmin torpağı satması və yaxud dəyişdirməsi ilə bağlı çətinliklər yaranır. Ətraf tamamilə sənaye zonasıdırsa, orda bir ev tikilirsə, bu da hüquqi cəhətdən ciddi problemlər yaradır. Yaxud, kənd təsərrüfatı təyinatlı torpaqların əhatəsində ev tikilibsə, bu da problemlidir. Belə hallar servitut adlanır”, – deyə ekspert əlavə edib

“Əmlak satan gələcək problemləri demir”

“Odur ki, vətəndaşlar əmlak alanda mütləq konsaltinq xidmətlərinə müraciət etməli, bu mümkün deyilsə, hüquqi dəstək almalı və bilməlidirlər ki, həmin əmlakı alsalar, gələcəkdə hansı problemlərlə üzləşə bilərlər. Adətən əmlakı satan satış anına olan bütün məlumatları ortaya qoyur. Alqı-satqı reallaşırsa, həmin tərəf üçün o proses bitmiş hesab edilir. Sonradan ortaya çıxan problemlər onu çox da maraqlandırmır. Əsas problem alıcının üzərində qalır”, -deyə V.Oruc fikrini tamamlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər