Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.
Qanuna əsasən, bu müddət 11 ildən 14 ilədək uzadılıb. Sonuncu dəfə həmin müddət 2021-ci ildə 8 ildən 11 ilədək uzadılıb.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.