ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yüksəldib.
EIA-nın aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102.19 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0.15 mln. barel çoxdur.
Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101.73 mln. barel olub, bu, ötən proqnoz göstəricidən 0.11 mln. barel çoxdur.
Hesabatda qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99.99 mln. barel səviyyəsində olub.
Bundan başqa, qurum 2025-ci il üçün qlobal neft hasilatı üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il qlobal gündəlik neft hasilatının 103.95 mln. barel səviyyəsində olacağını ehtimal edir.
Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95.7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93.84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100.61 mln. barelə bərabər idi.
EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni 2023-cü ildə ötüb.