14 C
Baku
Saturday, November 23, 2024

Qeyri-iş günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir?

“Neçə gün qeyri-iş günü olacaq?” – ilin bütün aylarında işləyən bir çox insanların ən sevimli suallarından biri budur. Təbiidir. İnsanlar dincəlmək, özlərinə zaman ayırmaq istəyirlər. Elə aylar var ki, bayramlarla əlaqədar qeyri-iş günləri kifayət qədər çox olur. Məsələn, dekabr-yanvarda ard-arda yeddi gün istirahət verildi. Qarşılayacağımız Novruz əhvallı mart ayında isə bayramlarla yanaşı, şənbə və bazar günləri də daxil olmaqla, ümumilikdə, 16 gün qeyri-iş günümüz olacaq və əlbəttə ki, bu, istirahəti sevənlər üçün əla xəbərdir.

Amma məsələnin bir də başqa tərəfi var: bayram və istirahət günlərinin bu qədər çox olması heç də hamının ürəyincə deyil. Bəziləri hesab edirlər ki, bu günlərin çox olması onların işinə mane olur, gəlirlərini azaldır, planlarını pozur, bir sözlə, geri düşürlər. Sosial şəbəkələrdə rastlaşdığımız status və şərhlərdən məlum olur ki, narazı olanlar arasında sahibkarı da var, işçisi də.

Maraqlı bir sual yaranır: Bayramlarda istirahət günlərinin çox olmasının iqtisadiyyata nə kimi təsirləri var? Hansı sahələr qazanır, hansı sahələr ziyan edir? Məsələn, qarşıdan gələn 31 günlük mart ayının 16 günü iş olmayacaqsa, bunun fəsadları iqtisadi rakursdan özünü necə göstərəcək? İş və istirahət günlərinin balansı pozulmuş sayılırmı?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, bayram günlərində qeyri-iş günlərinin çox olması iqtisadiyyata ciddi zərər vurur:

“Əslində, bu, kifayət qədər ağrılı mövzudur. Bir iqtisadçı kimi, özüm də dəfələrlə bu məsələ ilə bağlı ciddi araşdırmalar etmişəm. Əvvəlcə qeyd edim ki, ümumi bayram günlərinin sayına görə ölkəmiz, demək olar, liderdir. Təsəvvür edin ki, bizdə il ərzində şənbə, bazar və bayram günlərinin ümumi sayı 142 gün təşkil edir. Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, bayramla bağlı qeyri-iş günlərinin sayı, adətən, az inkişaf etmiş ölkələrdə çox olur. Məsələn, bayram günləri çox olan ölkələr arasında İranı, Rusiyanı, Hindistanı görə bilərik.

Bəzən iş günləri ilə qeyri-iş günlərinin vaxtını dəyişirlər, nəticədə tətillər uzanır. Məsələn, Yeni ildə cümə axşamı və cümə günlərinin yerinin dəyişdirilməsi nəticəsində bir həftə ardıcıl olaraq qeyri-iş günü oldu. Nəzərə alınmalıdır ki, belə olan halda özəl sektor müəyyən mənfi təsirlərdən yayına bilmir. Təsəvvür edin ki, ildə bir neçə dəfə, bayram günlərində, zəncirvari proses baş verir – bank sektoru işləmir, bu səbəbdən köçürmələr mümkün olmur, köçürmə mümkün olmayanda da hansısa bir özəl sahənin öz fəaliyyətini normal şəkildə həyata keçirməsi problemi yaranır.

İkinci bir təsir: özəl sektorda əksər şirkət rəhbərləri bayram günləri əməkdaşlarını işə çıxartmalı olurlar. Belə olduğu halda da qanunvericiliyə əsasən, əslində, şirkət rəhbərləri həmin əməkdaşlara ikiqat ödəniş etməlidirlər, amma sirr deyil ki, bir çox şirkətlər bunu etmir, nəticə etibarı ilə işçilərin hüququ pozulur. Bayram günlərində heç bir dövlət xidmətinin işləməməsi də bir çox prosesləri ləngidir.

Digər bir məsələ: Tətil günləri çox olanda imkanı olan insanların əksəriyyəti xarici səfərlərə üstünlük verir. Bu isə ölkədən böyük məbləğdə xarici valyutanın çıxmasına səbəb olur. Bütün bunlar nəticə olaraq, kompleks şəkildə, əlbəttə ki, iqtisadiyyata mənfi təsirini göstərir”.

 

“Qeyd etdiyim kimi, inkişaf etmiş ölkələrdə qeyri-iş günləri olan bayramların sayı səkkiz-on gün arasındadır, bizdə isə demək olar, iki dəfə çox – 22 gündür və bu da sözsüz ki, iqtisadiyyata zərbədir.
Son olaraq təklif edərdim ki, bayram günləri yerində qalmalıdır, lakin bayram tətillərinin uzanmasına xidmət edən yerdəyişmələrin qarşısı alınsa, yaxşı olar”, – deyə Eyyub Kərimov qeyd edib.

Məsələ ilə bağlı  iqtisadçı Fərid Mehrəlizadə hesab edir ki, müəyyən sahələrdə çalışan şəxslərin bayram günlərinin çox olmasından narazılıq etməsi başadüşüləndir.

“Düşünürəm ki, mart ayında bayram günlərinin çoxluğu geniş mənada ölkənin makroiqtisadi göstəricilərinə ciddi təsir etməyəcək, çünki Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan yüksək asılılığı var və ölkədə makroiqtisadi göstəricilərə təsir imkanı olan əsas sahə məhz odur. Enerji sektorunda isə iş dayanmır, qeyri-iş günlərində belə. Qeyri-iş günlərində istirahət şansı qazananlar, əsasən, rəsmi əməkhaqqı ilə aylıq maaş əsasında çalışanlardır.

Azərbaycanda iqtisadi fəal əhalinin sayı təxminən 5,3 milyon nəfərdir və onların cəmi 1,7 milyon nəfəri muzdlu işçidir. Regionda və inkişaf etmiş ölkələrdə bu rəqəm 60-80 faiz səviyyəsindədir. Azərbaycanda kölgə iqtisadiyyatının miqyasının böyük olması, qeyri-rəsmi əmək münasibətlərinin qalması və iş yerlərinin nisbətən azlığı iqtisadi fəal əhalinin, sadəcə, bir hissəsinin qeyri-iş günlərində istirahət edə bilməsinə yol açır.

Bayram günlərinin çoxluğundan şikayət edən şəxslərin olması da başadüşüləndir. Məsələn, iri şirkətlərə xidmətlər göstərən kiçik şirkətlər, xarici ölkələrə xidmət göstərən, ixrac həyata keçirən şirkətlərə bu daha çox təsir edir. Nəticədə onlar potensial gəlirdən məhrum olur və ya qeyri-iş günlərində əməkdaş işlətdikləri üçün daha çox əməkhaqqı xərcləri verməli olurlar.

Digər tərəfdən isə bu tip uzunmüddətli istirahət günlərinin gəlirlərinə nisbətən yaxşı təsir etdiyi sahələr də var. Məsələn, turizm obyektləri, hotellər, ictimai iaşə müəssisələri və s. Həmin günlərdə onların işi yaxşı gedir və digər günlərlə müqayisədə daha çox qazanırlar”.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər