Bakının Baş planında əsas hədəflərdən biri şəhərin istənilən hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.
O qeyd edib ki, hazırda bütün dünyada “15 dəqiqəlik şəhər” prinsipi tətbiq edilir: “Bu prinsip o deməkdir ki, şəhərdə bərabər keyfiyyətdə infrastruktur təmin edilsin”.
A.Quliyevin sözlərinə görə, Baş planda mobillik məsələsinə geniş yer ayrılıb: “Baş plan nəqliyyat məsələlərinin həlli, küçə şəbəkəsinin inkişaf etdirilməsi, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın hərəkəti kimi məsələləri əhatə edir. Bakıda bir çox mərkəzi hissələrdə sürətin azaldıması nəzərdə tutulur. Bakı insanyönümlü və insanların rahatlığını təmin edən şəhər olmalıdır”.