Ukraynaya yardım Avropa İttifaqının (Aİ) büdcəsinə ziyan vurmamalıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fitso ilə birgə mətbuat konfransında deyib.
“Əgər Ukraynaya yardım etmək istəyiriksə, ki mən bunu etməli olduğumuzu düşünürəm, biz bunu elə etməliyik ki, Aİ-nin büdcəsinə zərər vurmasın. Lakin Aİ-nin büdcəsindən 4 il üçün qabaqcadan 50 milyard avronun verilməsi Aİ-nin suverenliyini və milli maraqlarını pozur”, – Orban deyib.
Orban Ukraynaya maliyyə yardımlarının Aİ-nin büdcəsindən kənar edilməli olduğunu vurğulayıb. O, Macarıstanın belə bir mexanizmin yaradılması təklifinin ÜDM-yə əsaslanan yardımı nəzərdə tutduğunu deyib.
“Brüssel bunu qəbul etsə Ukraynaya büdcədənkənar yardımlar olacaq. Əks halda bu prosesi dayandırdığma görə təəssüf duyacam”, – Orban deyib.