2024-cü ildə aparıcı mərkəzi bankların faiz dərəcələrini aktiv şəkildə azaltmağa başlayacağı gözləntiləri fonunda qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı müəyyən nikbinlik var. Amma bir sıra amillər iqtisadi artıma mane ola bilər. “Bloomberg” 8 potensial riski sadalayır.
Yaxın Şərqdə münaqişənin genişlənməsi. Bazar hələlik regionda gərginliyin yüksək ehtimalını görməsə də, xüsusilə ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdə gəmilərə hücumların qarşısını almaq üçün Yəməndə husilərə qarşı zərbələr endirməsindən sonra vəziyyət gərginləşir. “Bloomberg” hələ də İranın İsraillə birbaşa müharibə edəcəyinə şübhə edir. Amma bu baş verərsə, dünya neft ehtiyatlarının beşdə biri və mühüm ticarət yolları risk altında olacaq. Nəticədə neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ, qlobal ÜDM təxminən 1 faiz bəndi azala, qlobal inflyasiya isə 1.2 faiz bəndi sürətlənə bilər.
ABŞ iqtisadiyyatının həddindən artıq istiləşməsi. FED iki ssenari üzrə faiz azalmalarından imtina etməyə və pul siyasətini yenidən sərtləşdirməyə məcbur olacaq. Birinci ssenari Yaxın Şərqdə münaqişənin həqiqətən genişləndiyini və neftin qiymətinin yüksəldiyini ehtimal edir. İkinci ssenari isə aralıq faiz artımlarına həssas olan beşillik xəzinədarlıq gəlirinin 1 baza bəndindən çox düşməsini nəzərdə tutur. “Bloomberg Economics” iqtisadi modelinə görə, bu, inflyasiyanın sürətlənməsinə səbəb ola bilər.
Avropada iqtisadi tənəzzül. “Bloomberg”in proqnozlarına görə, avrozonanın ÜDM-nin 2.5%, Böyük Britaniyanın isə 4.7% azalacağı gözlənilir. Hələ ki statistika hər iki iqtisadiyyatda artım templərinin yavaşladığını göstərir, lakin tənəzzül yox. Ola bilsin ki, yanlışlıq “Bloomberg Economics” modelində olub.
Çindəki qeyri-müəyyən vəziyyət. İqtisadiyyatın stimullaşdırılması tədbirləri çöküşün qarşısını ala biləcək, 2024-cü il üçün ÜDM-in artım proqnozu 4.5% təşkil edəcək. Məqalədə deyilir ki, bu, keçən ildən azdır və pandemiyadan əvvəlki səviyyədən çox aşağıdır, lakin fəlakət deyil. Amma tənzimləyicilər iqtisadiyyata dəstək verməkdə tərəddüd edərsə və daşınmaz əmlak bazarında böhran güclənərsə, iqtisadi artım 3%-ə qədər yavaşlaya bilər. 1989-cu ildə Yaponiyada və 2008-ci ildə ABŞ-da olduğu kimi maliyyə böhranı baş verərsə, rəsmi statistikada bu barədə məlumat verilməsə belə, ÜDM faktiki olaraq azalacaq.
Yaponiyada gəlir əyrisi nəzarətindən imtina. 2024-cü ildə Yaponiya Mərkəzi Bankı faiz dərəcələrində uzunmüddətli dalğalanmalara icazə verərək, gəlir əyrisi nəzarətindən imtina edə bilər. Yen kəskin şəkildə qalxarsa, ABŞ Xəzinədarlıqlarından və digər yüksək gəlirli aktivlərdən çıxarılan treyderlər vasitəsilə cəlb edilmiş kapitalın kəskin axını baş verəcək. Qeyd edək ki, Yaponiyanın portfel investisiyalarının həcmi 4.1 trilyon dollardır.
Ukraynanın məğlubiyyəti. ABŞ-ın hərbi yardımı dayandırılarsa, Rusiya döyüş meydanında həlledici üstünlük əldə edəcək. Ukraynanın məğlubiyyəti Vaşinqtonun güclü və etibarlı müttəfiq kimi reputasiyasını zəiflədə bilər, həmçinin digər regionlarda münaqişələrin kəskinləşməsi ehtimalı artacaq (xüsusən də son vaxtlar Venesuela ilə Qayana arasında ərazi mübahisəsi kəskinləşib). Eyni zamanda, Ukraynada ən çox ehtimal olunan nəticə “Bloomberg”ə görə, çıxılmaz vəziyyətdir.
Çin və Tayvan arasında gərginlik. Tayvanda keçirilən prezident seçkilərində adanın materik Çindən müstəqilliyinin tərəfdarı, Pekində “təhlükəli separatçı” adlandırılan Demokratik Tərəqqi Partiyasının namizədi Lai Qinqde qalib gəlib. Yarımkeçirici istehsalında qlobal lider olan Çin və Tayvan arasında silahlı münaqişə baş verərsə, dəymiş ziyan qlobal ÜDM-in 10%-i həcmində qiymətləndirilir. “Bloomberg” qeyd edir ki, indi Tayvan boğazında müharibə ehtimalı azdır.
Donald Trampın Ağ Evə qayıdışı. Eks-prezidentin mümkün gəlişi ilə 2025-ci ildə ABŞ-ın siyasətində kəskin dəyişiklik gözlənilir. Xüsusilə, o, bütün idxala 10% rüsum tətbiq edəcəyini vəd edir. “Bloomberg Economics” hesab edir ki, ticarət tərəfdaşları cavab tədbirlər görəcəyi təqdirdə ABŞ ÜDM-i 0.4% azalacaq.







