13 C
Baku
Saturday, November 23, 2024

“Ziraat Bank” Naxçıvanda filial açır

“Ziraat Bank Azərbaycan”ın Naxçıvanda filialı fəaliyyətə başlayacaq.

Bununla bağlı yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin sədri Selçuk Demirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının yaradılması barədə fikir mübadiləsi aparılıb.

Məlumat verilib ki, 160 illik tarixə malik və dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan “Ziraat Bank Azərbaycan” müştərilərə beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətləri təqdim edir. Bankın korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərinin qısa zamanda rəqəmsal satış və xidmət platformaları üzərindən əldə olunması da mümkündür.

Bildirilib ki, Naxçıvanda yeni filialın yaradılmasında məqsəd yerli sahibkarlara və investorlara keyfiyyətli, operativ bank xidmətləri göstərməkdir. Burada həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim olunacaq.

Görüşdə Naxçıvanda fəaliyyət göstərən sahibkarlar, xüsusilə inşaat sektoru üzrə fəaliyyət göstərən iş adamları üçün biznes kreditlərinin əlçatanlığının təmin olunması perspektivləri müzakirə edilib.

Görüşdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya iştirak edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər