6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Dünya Bankı ilə Bakının Baş planını müzakirə edib

Azərbaycanla Dünya Bankı arasında Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı müzakirə edilib.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin sədri Anar Quliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Vahba ilə görüşüb.

Görüşdə A.Quliyev bu günə kimi ölkəmizin şəhərsalma sahəsində keçdiyi yoldan, son illər ərzində bu sahədə aparılan köklü islahatlardan, nailiyyətlərdən və qarşıda duran mühüm hədəflərdən geniş söhbət açıb. Müasir şəhərsalma standartlarına əsaslanaraq hazırlanmış Bakı şəhərinin yeni Baş planı haqqında ətraflı məlumat verən Komitə sədri sənədin 2040-cı ilədək paytaxtın davamlı inkişafı üçün nəzərdə tutulmuş konsepsiya və prioritetləri barədə danışıb.

Görüşdə həmçinin ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2026-cı ildə baş tutacaq Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyinin böyük əhəmiyyəti, bu hüququn qazanmasının Azərbaycanda aparılan uğurlu irimiqyaslı layihələrin və islahatların bariz nümunəsi olduğu qeyd edilib.

Komitə sədri eyni zamanda “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə aparılan çoxsaylı şəhərsalma layihələri barədə danışaraq həmin işlərin öz miqyasına görə artıq unikal təcrübə mənbəyi olduğunu, öz dədə-baba yurdlarına artıq tədricən qayıdan əhalinin rahat yaşayışı üçün dövlət səviyyəsində mühüm addımların atıldığını deyib.

S.Vahba öz növbəsində Bakının Baş Planının təsdiq edilməsi, həmçinin qeyd edilən beynəlxalq tədbirlərin məhz bu şəhərdə keçirilməsi ilə bağlı öz təbriklərini çatdırıb. O xüsusi olaraq Azərbaycanın şəhərsalma sahəsində və dayanıqlı inkişaf məqsədlərinin icrasına dair daim güclənən beynəlxalq miqyasda rolunu qeyd etməklə yanaşı, şəhər və kəndlərin yenidənqurulması, müxtəlif istiqamətlərdə Dünya Bankı ilə birgə layihələrin həyata keçirilməsinin “Yeni Şəhər Gündəliyi”nin icrasına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Daha sonra tərəflər Azərbaycanda şəhər dayanıqlığı, bərpa olunan enerji, iqlim dəyişikliyi, yaşıllaşdırma və rəqəmsallaşma sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarını, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini və digər potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər