Bir şagird müdrik bir qocanın yanına gələrək ondan kömək etməsi üçün yalvarır:
-Mən çox pis vəziyyətdəyəm. Ağlımı itirəcəyəm! Biz hamımız eyni bir otaqda yaşayırıq: uşaqlar, arvadım, qohumlarımız. Əsəblərimiz artıq yerində deyil, hər gün səs-küyə dözmək olmur. Ev deyil, sanki cəhənnəmdir!
Müdrik qoca bir qədər düşündükdən sonra dedi:
— Bütün dediklərimi olduğu kimi edəcəyinə söz verirsən?
— And içirəm, nə lazımdırsa hamısını edəcəyəm.
— Əla. Nə qədər heyvanın var?
— Bir inək, keçi və altı toyuq.
— Onların hamısını yaşadığın otağa gətir, özün isə bir həftədən sonra gələrsən.
Şagird qocanın sözlərindən dəhşətə gəlir. Lakin o verdiyi sözə əməl etməli idi və bütün heyvanları yaşadığı balaca otağa yığdı.
Bir həftə tamam olduqda şagird müdrik qocanın yanına gəldi: o çox acınacaqlı vəziyyətdə idi.
— Mən artıq bacarmıram. Çirk! Üfunət! Səs-küy! Hamımız artıq dəli olmaq həddindəyik!
Müdrik cavab verdi:
— Evə get və otaqdakı heyvanları öz yerlərinə qaytar.
Şagird bütün yolu evə qaçaraq getdi. Növbəti gün o yenidən qocanın yanına qayıtdı: onun gözləri xoşbəxtlikdən parıldayırdı.
— Həyat necə də gözəldir! Heyvanlar yoxdur. Sakitlik, təmizlik, firavanlıq! Ev deyil, sanki cənnətdir!