Azərbaycan Mərkəzi Bankı (AMB) ötən həftənin 4 günündə, dekabrın 8-11-də mütəşəkkil valyuta bazarında ümumilikdə 255 mln. ABŞ dolları məbləğində satış həyata keçirib. Nəticədə həmin günlərdə orta hesabla valyuta satışı 63,75 mln. dollar olub.
“Report” xəbər verir ki, AMB-nin valyuta bazarında satış əməliyyatlarını Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra dekabrın 8-də bərpa edib və həmin gün 58,8 mln. dollar həcmində satış həyata keçirib. Həmin gün dolların rəsmi məzənnəsi 1,05 AZN/USD səviyyəsində qərarlaşıb. Həftənin növbəti günlərində isə satışın həcmi müvafiq olaraq 55 mln., 66 mln. və 75 mln. dollar olub. Rəsmi məzənnə isə dekabrın 9-11-də müvafiq olaraq 1,0496 AZN/USD, 1,0492 AZN/USD və 1,0495 AZN/USD təşkil edib. Bununla da AMB-nin dekabrın 1-nə açıqladığı rəsmi valyuta ehtiyatları 6 mlrd. dollardan aşağı düşüb.
“Report”un analitik qrupu hesab edir ki, manatın məzənnəsi “üzən” rejimə keçənə qədər Azərbaycanda xarici valyutaya tələb səngiməyəcək: “Valyuta satışının durması və ya əksinə, AMB-nin alışa başlaması üçün ölkəyə valyuta axınının artması lazımdır. Bu isə neftin qiymətinin yüksəlməsi, qeyri-neft məhsullarının rəqabətyönümlü qiymətlərlə ixracının artırılması, turizm və investisiyaların cəlb olunması ilə mümkündür. Təbii ki, hazırda investisiyaların cəlb olunması daha çevik baş verə biləcək imkanlar arasındadır. Bunun üçünsə manatın məzənnəsinin cəlbedici olması zərurəti meydana çıxır. AMB-nin bu sahədə çevik addım atması iqtisadiyyatın inkişafı baxımından önəmli qərar olacaq”.