7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda sahibkarlara lisenziyaların verilməsi üçün tələb olunan müddət 10 günə endirilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə edilib.

Banker.azın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, yeni qanun layihəsi lisenziyaların və icazələrin verilməsi, lisenziya və icazələr üçün fəaliyyət növünün müəyyənləşdirilməsi, dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyaların və icazələrin yenidən rəsmiləşdirilməsi, dayandırılması, ləğvi və bərpası ilə bağlı müddəaları özündə əks etdirir.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, Vergilər Məcəlləsinə dəyişikliklər bütövlükdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu qanun layihəsi isə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılmasına, yeni təsərrüfat subyektlərinin yaradılmasına, bütövlükdə ölkədə iqtisadiyyatın canlandırılmasına xidmət edəcək.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qanun layihəsi haqqında məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına, qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.

S. Məmmədov bildirib ki, 5 fəsildən 31 maddədən ibarət qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, bu qanun layihəsinə əsasən, sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsində vahid siyahının müəyyənləşdiriləcək. Bundan başqa, yeniliklərdən biri də odur ki, lisenziya və icazə verən orqanın susması razılıq prinsipi kimi qəbul ediləcək. Yəni, qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq orqan tərəfindən cavab verilməsə, bu həmin lisenziya və icazələr üzrə fəaliyyətə razılığı özündə əks etdirəcək. Bundan başqa, yeniliklərdən biri də odur ki, sahibkarlıq subyekti lisenziya və icazələr verən orqandan məsləhət və təkliflər almaq imkanı yaradılıb.

İqtisadi inkişaf naziri bildirib ki, bundan başqa, qanun layihəsində hazırda qanunvericiliyə görə, lisenziyaların verilməsi 15 gün tələb edirdisə, bu müddət azaldılıb. Bundan sonra lisenziyaların verilməsi 10 günə, icazələrin verilməsi isə 7 gün müddətdə nəzərdə tutulur.

Yeniliklərdən biri də odur ki, verilən qərarların tənzimləyici təhlili də aparılacaq. Yəni verilən qərarın sahibkarlıq mühitinin inkişafına nə dərəcədə təsir etdiyi də təhlil olunacaq. Bundan başqa, qanun layihəsinə əsasən elektron lisenziya portalının yaradılması nəzərdə tutulur. Eyni zamanda, lisenziya və icazələrin verilməsində “bir pəncərə” prinsipinin tətbiqi də planlaşdırılır.

Qeyd edək ki, qanun layihəsi qəbul edilsə, qanun layihəsindəki müddəalar 2016-cı ilin may ayının 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər