Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, ölkə iqtisadi artımı təmin edə bilmədiyi üçün yoxsullaşır.
Bu barədə nazir “Bloomberg”in təşkil etdiyi tədbirdə vurğulayıb.
“İqtisadiyyat naziri deyir ki, biz artıq rəqabətə davamlı deyilik. Odur ki, iqtisadi artımımız olmadığı üçün yoxsullaşırıq. Biz geridəyik. Əgər təhlili iqtisadiyyat və maliyyə naziri təqdim edirsə, o zaman hökumətin heç bir nəticə çıxarmaması mənim üçün ağlasığmazdır”, – Lindner bildirib.
Lindnerin bəyanatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Almaniya iqtisadiyyatının bu il gözlənilən 0.6% deyil, sadəcə 0.3% artacağına dair yeni proqnozunu açıqladıqdan bir neçə saat sonra səslənib. Qeyd edək ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Ölkənin ÜDM-i 2023-cü ildə əvvəlki illə müqayisədə 0.3% azalıb.
Almaniya Federal Statistika İdarəsinin ekspertləri ötən ilin sonunda istehlak qiymətlərinin artması ilə əlaqədar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü qeyd ediblər. KİV-in məlumatına görə, bir çox ölkə vətəndaşı pula qənaət etməyə məcbur olub.