Şəxsi gündəlik yalnızca azyaşlı qızlar üçün nəzərdə tutulmayıb. Hətta çox ciddi və müəyyən statusa malik kişi cinsinin nümayəndələri belə gündəliyə sahib ola bilər. Bu vərdiş sizə çox şey qazandıracaq.
Təbii ki, hər birimizin həyatı yalnızca xoş günlərdən ibarət deyil. Bəzən iş və şəxsi həyatda yaşadığımız problemli günlərin sonu gəlməyəcək kimi düşünürük və bütün bunların fonunda özümüzü çarəsiz hiss edərək təslim olmağa hazırlaşırıq. Lakin bu an etməli olduğunuz ən doğru addım şəxsi gündəliyə sahib olmaqdır. Bu sizin təsəvvür dünyanıza açılan yeni bir pəncərədir. Hansı ki, bu dünyanı sadəcə beyinə əmanət etmək olmaz.
Gündəlik keçmişə nəzər salmağa kömək edir. Bir neçə il əvvəl etdiyiniz qeydləri yenidən nəzərdən keçirib və özünüzə gülə bilərsiniz. Və yaxud ağlaya… O vaxt sizi cənginə alan emosiyalarınızı və hansı hadisələrə səbəb olduğunu xatırlaya bilərsiniz.
Lakin gündəliyə sahib olmağınızın əsas səbəbi yuxarıda sadalanan amillər deyil. Heç kəsə sirr deyil ki, uzun müddətdir psixologiyada qəbul olunmuş qaydadır ki, insan hər hansı bir problemlə qarşlaşdıqda, özünü çarəsiz hiss etdikdə və təslim olmağa hazır olduqda düşüncələrini qeyd olaraq bir kağız parçasına yazmaqdır. Bu ilk baxışdan bəsit bir üsul kimi görünsə də, effekti inanılmazdır. Belə ki, düşüncələrinizi kağız parçasına köçürdükdə bir qayda olaraq və istər-istəməz onları təhlil etmiş olursunuz. Bəlkə axtardığınız həll yolu elə də uzaqda deyil. Sizə lazım olan beyninizi fikir yükündən azad etmək və sağlam düşüncəyə yer ayırmaqdır.
Yaşınız çox, özünüz də kişi cinsinə mənsub ola bilərsiniz. Lakin bu o demək deyil ki, siz həyatın problemləri qarşısında məyus olmursunuz. Unutmayın ki, hər kəs həyatının müəyyən mərhələlərində əlavə dəstəyə ehtiyac duyur və bu dəstəyi özünüzdən başqa heç kəs daha yaxşı bacarmayacaq. Çünki nə istədiyinizi məhz siz özünüz bilirsiniz.