3 C
Baku
Saturday, December 14, 2024

Müştərilərin aldadılması hansı hallarda haqsız rəqabətə səbəb olur?

Məlumdur ki, cari ilin iyulun 1-dən Rəqabət Məcəlləsi qüvvəyə minəcək. Uzun müddətdir ki, qəbulu gözlənilən Məcəllənin ölkə iqtisadiyyatı və xüsusilə sahibkarlıq üçün yeni imkan və fürsətlər yaradacağı gözlənilir. Eyni zamanda, Məcəllənin rəqabət mühitinin təmin olunmasına əhəmiyyətli təsir göstərəcəyi, istehlakçıların hüquqlarının müdafiəsi, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına töhfə verəcəyi təxmin edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev Rəqabət Məcəlləsinin əhəmiyyəti, qanunvericilik aktında yer alan haqsız rəqabətin yeni formaları və digər məsələlər barədə müsahibə verib.

– Şahin müəllim, ilk olaraq Rəqabət Məcəlləsinin tətbiqinin iqtisadiyyata təsirləri barədə qısa məlumat verərdiniz.

– Bildiyiniz kimi, 2024-cü ilin yanvar ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanun imzalanıb. Cari ilin iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi azad rəqabət mühitinin təmin olunması baxımından ən müasir iqtisadi-hüquqi aspektləri özündə əks etdirir. Məcəllədə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər normativ hüquqi aktlar yeni və vahid sənəddə birləşdirilib. Bu isə həmin qanunvericilik aktlarında əks olunmuş bütün hüquqi məsələlərin, eyni zamanda, azad rəqabətlə bağlı yeni yanaşma və prinsiplərin təkmil bir sənəddə cəmlənməsi deməkdir.

Rəqabət Məcəlləsi azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Məcəllənin tətbiqi ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək, inhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabət hallarının qarşısının alınması və ümumilikdə sosial-iqtisadi sahədə yeni mərhələnin başlanmasına təkan verəcək.

Onu da qeyd etməliyəm ki, Məcəllənin azad bazarda rəqabət məsələləri ilə bağlı bütün istiqamətləri tənzimləyəcək vahid bir sənəd kimi tərtib olunması qanunvericiliyə yeni anlayışların daxil edilməsi ilə nəticələnib. Bundan əlavə, Rəqabət Məcəlləsində rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər (kartel sövdələşmələri), bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, təbii inhisar sahələrinə dair yeni meyarlar və haqsız rəqabət hallarının qarşısının alınmasına dair müddəalar öz əksini tapıb.

– Rəqabət Məcəlləsində haqsız rəqabətin formalarına yenidən baxılıb. Mövcud qanunvericilikdə hansı hallar haqsız rəqabət halı hesab olunurdu? Məcəllədə bu hansı formada öz əksini tapıb, əsas dəyişiklik nədən ibarətdir?

– Qeyd etdiyiniz kimi, Məcəllədə haqsız rəqabətin formalarına yenidən baxılıb və əhatə dairəsi geniş olan həmin formalardan istifadənin qarşısının alınması üçün məqsədyönlü addımların atılması nəzərdə tutulub. Mövcud qanunvericiliyə əsasən, rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, nüfuzdan salınması, onun fəaliyyətinə müdaxilə, haqsız sahibkarlıq fəaliyyəti, haqsız işgüzarlıq davranışı və istehlakçıların çaşdırılması haqsız rəqabət formaları kimi müəyyən edilib. Rəqabət Məcəlləsində isə haqsız rəqabət formaları daha da təkmilləşdirilib. Nüfuzdan salınma, sahibkarlıq fəaliyyətinin təqlidi və müştərilərin çaşdırılması formaları ilə yanaşı, müştərilərə qarşı aqressiv davranış, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması və digər haqsız rəqabət halları Məcəllədə öz əksini tapıb.

Eyni zamanda, Məcəllədə haqsız rəqabətə səbəb olan digər hərəkətlər də müəyyən edilib. Məsələn, ölkə ərazisində hər hansı əmtəə nişanının sahibi olan təsərrüfat subyekti öz məhsulunun bazar payını və ya süni yolla artırılmış qiymətlərini saxlamaq məqsədilə ölkə hüdudlarından kənarda qeydiyyata alınmış və onun əmtəə nişanı ilə eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən ölkəyə idxalını məhdudlaşdırırsa, bu, haqsız rəqabət halı hesab olunur.

– Bildirdiniz ki, Rəqabət Məcəlləsində müştərilərin çaşdırılması və aldadılması ilə bağlı müddəalar mövcuddur. Bəs bu hal, yəni müştərilərin çaşdırılması və aldadılması hansı hallarda haqsız rəqabətə səbəb olur?

– İlk olaraq, onu qeyd etmək lazımdır ki, qüvvədə olan “Haqsız rəqabət haqqında” Qanunda istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsinə dair bir sıra hallar müəyyən edilib. Buraya istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə, istehlakçının seçmə sərbəstliyinə təsir göstərən reklam üsullarından istifadə olunması, əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi və s. daxildir.

Rəqabət Məcəlləsində isə istehlakçı əvəzinə, “müştəri” anlayışından istifadə olunur. “Müştəri” dedikdə məhsulu istifadə edən, onu sifariş verən, alan, yaxud sifariş vermək və ya almaq niyyəti olan şəxs, o cümlədən istehlakçı nəzərdə tutulur. Mövcud qanunvericiliklə müqayisədə Məcəllədə müştərilərin çaşdırılması və aldadılması nəticəsində haqsız rəqabətə səbəb olan hallar daha geniş verilib.

Məcəllədə müştərilərin çaşdırılması və aldadılması nəticəsində haqsız rəqabətə səbəb olan hallar qismində məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması; məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması; məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi; məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi kimi hallar müəyyən olunub.

Bu cür qadağan edilmiş haqsız rəqabətə səbəb olan hərəkətlərə yol verməklə bazar subyekti istehlakçıları aldatmaq və çaşdırmaq yolu ilə özünə cəlb etmiş olur və nəticədə, həmin təsərrüfat subyekti rəqiblərinin müştərilərini cəlb etməklə rəqiblərinə qarşı üstünlük əldə etmiş olur. Məhz bu hal müştəriləri aldatmaq və çaşdırmaq yolu ilə haqsız rəqabətə yol vermə hesab olunur. Təsərrüfat subyektinin rəqibə qarşı əsassız üstünlük əldə etməsi halı mövcud deyilsə, istehlakçının aldadılması və çaşdırılması istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliklə tənzimlənir.

Qeyd edim ki, Rəqabət Məcəlləsində müştərilərin çaşdırılması və aldadılması ilə yanaşı, müştərilərə qarşı aqressiv davranış, müştərilərin seçim hüququnun məhdudlaşdırılmasına səbəb olan hərəkətlərə yol verilməsinə görə də məsuliyyət tədbirləri nəzərdə tutulub. Bütün bunlar isə öz növbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri haqsız rəqabət hərəkətlərinə yol verməkdən çəkindirməyə xidmət edir.

– Məsuliyyət tədbirləri barədə qeyd etdiniz. Məcəllə ilə haqsız rəqabət hallarına yol verən təsərrüfat subyektlərini nələr gözləyir?

– Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Rəqabət Məcəlləsinin kökündə cəzalandırma prinsipi dayanmır, məsuliyyət tədbirləri daha çox iqtisadi ədalət sisteminin təmin olunması və rəqabət mədəniyyətinin təşviqinə xidmət edir.

Qeyd etdiyiniz kimi, Məcəllədə rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə məsuliyyət tədbirləri və maliyyə sanksiyalarının hədləri müəyyən edilib. Eyni zamanda, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər, onlardan azadolma və güzəşt halları, məsuliyyətə cəlb etmə müddətləri, o cümlədən rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayətin verilməsi qaydaları da əks olunub. Bu isə öz növbəsində haqsız rəqabət qanunvericiliyinin pozulmasına yol vermiş təsərrüfat subyektlərini pozuntunu könüllü aradan qaldırmağa və rəqabət orqanı ilə əməkdaşlıq etməyə təşviq edəcək.

Bildirim ki, Rəqabət Məcəlləsinə əsasən haqsız rəqabət formalarından istifadəyə yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin müəyyən faizinə qədər maliyyə sanksiyası tətbiq olunacaq. Məsələn, müştərilərə qarşı aqressiv davranış, rəqib təsərrüfat subyektinin nüfuzdan salınması, müştərilərin çaşdırılması və aldadılması, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması və haqsız rəqabətə səbəb olan digər hərəkət hallarında təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur. Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi, haqsız rəqabətə təkrar və ya davamlı olaraq yol verilməsi, haqsız rəqabət formalarından qanunsuz istifadənin aradan qaldırılması ilə bağlı rəqabət orqanının qərar və göstərişlərinin yerinə yetirilməməsi hallarında isə, Məcəlləyə əsasən, ümumi dövriyyənin 10 faizinə qədər maliyyə sanksiyası tətbiq oluna bilər.

Ümumilikdə isə, əvvəl də qeyd etdiyim kimi, Rəqabət Məcəlləsi ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən etməklə, sahibkarlıq fəaliyyəti daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır və bu prosesdən həm sahibkarlıq subyektləri, həm də geniş ictimaiyyət böyük fayda əldə edəcək.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər