Azərbaycan Mərkəzi Bankı (AMB) məzənnəni müəyyənləşdirməsinə məsul olan qurumdur. AMB müxtəlif rıçaqlardan sitifadə etməklə məzənnəni müəyyən etməyə çalışır. Sözügedən funksiyalar davam etdiriləcək. Uçot dərəcəsi hələlik AMB tərəfindən dəyişilməyib. Amma gələcəkdə, inflyasiya səviyyəsi yüksək olarsa, bu halda AMB uçot dərəcəsini artıra bilər. Hazırda bu 3%-dir.
Banker.az Oxu.Aza istinadən xəbər verir ki, bu barədə bu gün 107.7 FM tezliyində yayım həyata keçirən “Avto FM”də yayımlanan “Şirin Çay” verlişinin qonağı, iqtisadçı alim, ekspert Vüqar Bayramov deyib.
“İnflyasiya müşahidə ediləcəksə uçot dərəcəsinin dəyişdirilməsinə ehtiyac var. İnflyasiya güman edilir ki, müşahidə ediləcək. Amma hazırda AMB daha çox bazara müdaxilə etməklə məzənnəni qoruyub saxlamağa çalışır. Dollara tələbat var. Son devalvasiyadan sonra dollar almaq istəyənlərin sayında artım var. Dünən xatırlayırsızsa, valyuta dəyişmə məntəqələri işləmirdi. Səbəb isə onunla bağlı idi ki, dollara tələb yüksək idi”,- deyə Bayramov deyib.
V.Bayramov həmçinin deyib ki, bu gün biznes manata güvənmir:
“AMB valyuta ehtiyatlarından 12 milyard dolları xərcləyib. Digər mənbələrdən də bazara valyuta daxil olub. Dövlət Neft Fondu (SOFAZ) dolları satışa çıxarıv və büdcəyə pul köçürüb. Amma buna rəğmən dollara tələb yüksək olaraq qalmaqdadır. Vətəndaş əlindəki manatı dollarda saxlamağa üstünlük verir. Biznes, artıq etiraf etmək lazımdır ki, manata güvənmir. Bunu depozitlərin strukturunda da görmək olar”.
O həmçinin sonuncu devalvasiyanın ilin yekununu müəyyənləşdirdiyini də qeyd edib:
“Devalvasiya çox təəssüf ki, ilin yekununu müəyyənləşdirdi. Sözsüz, neftin dünya bazarında qiymətinin aşağı düşməsi 2015-ci ildə çox təsirli oldu. Çünki Azərbaycan neft ölkəsidir. Azərbaycan ixracatının 95%-i neft idi. Bu isə o deməkdir ki ölkəyə daxil olan hər 100 dollardan 95 dolları neftindir”.