11 C
Baku
Monday, November 25, 2024

Böhran: Turizm sıfırdan

Müəllif: Həmid Ağayev

Bu günlərdə hər kəsin gündəmində olan tək mövzu :Böhran.Hər kəs təşviş və bilinməzliyin içərisinə düşüb,proseslərin gedişatından çox narahatdır.Təbii ki,çox istərdim narahatçılığa əsas yoxdur,hər şey çox gözəl olacaq, deyim amma vəziyyət ciddidir və ciddi də dəyişikliklər,hərəkətlənmə tələb edir.Elə mən də bu dəyişikliklərdən biri haqda, azdan çoxdan ərkim çatanı –turizm haqqında ,ağlımın,bilgimin yetdiyi qədər turizmin böhranda bizə necə kömək edə biləcəyi və ən əsası bizim böhranda turizmə necə kömək edə biləcəyimizi yazacam.

Aydındır ki,turizm ölkəyə valyuta gətirə bilən ən önəmli sahələrdən biridir.Turizm ölkəyə tək valyuta gətirməklə kifayətlənmir,əgər inkişaf etdirilərsə özü ilə birlikdə təsiri olan xeyli sahələrin(nəqliyyat,qidalanma,ictimai iaşə,əyləncə sektoru,yerli sənətkarlıq məhsulları satışı,kənd təsərrüfatı və s)də inkişafına gətirib çıxarır.Turizm həm də infrastrukturun və yerli əhalinin sosial vəziyyətinin yaxşılaşmasına da yardım edir.Bir sözlə turizm toxunduğu yeri cənnətə çevirə biləcək sehrli çubuq kimidir. İçində olduğumuz böhran bizi ölkəyə valyuta daxil edilə biləcək kanalların artırılmasına məcbur edir.Buna görə də bizim turizmi inkişaf etdirməyimiz,turizmi sıfırdan qurmağımız lazımdır.Açığı,bu çox çətin,ağır prosesdir ama mümkünsüz deyil.Necə ki,Türkiyə bu yolları keçib,Gürcüstan keçməkdədir biz də bu sahəyə ciddi diqqət ayırmalıyıq.Mənim fikrimcə aşağıdaki tədbirlər tətbiq edilərsə turizmin ən azından başlanğıc səviyyəyə dirçəlməsinə kömək edə bilər.

Hal-hazırda turizm Azərbaycanda bərbad vəziyyətdədir.Otellər baha,xidmət sıfır,personal sıfır,infrastruktur zəif,brendləşmə zəif,nəzarət zəif ,tanıtım yox səviyyəsində,turizm-səyahət mədəniyyəti,ənənəsi,maarifləndirilməsi sıfır–bir sözlə planlı və məqsədəuyğun heçbir fəaliyyət yoxdur.İlk görüləcək iş dövlət tərəfindən bir planlı yolun işlənib hazırlanması və hədəf qoyulmasıdır.Məsələn,Türkiyə turizmdə 2023-ə qədər ilk 5 turizm ölkəsindən birinə çevrilməyi hədəf qoyub və uğurla bu hədəfə doğru getməkdədir.Düzdür son hadisələr rus turistərin itirilməsinə səbəb oldu,amma türklər bunu ərəblərlə kompensasiya edə biləcək.Azərbaycan da bu tipli olmasa da özünə uyğun real bir hədəf qoyub real işlər görməlidir.Yəni ilk növbədə dövlətin iradəsi lazımdır,bunsuz mümkün deyil.

Bölgələrdə 2-3 ulduzlu “low cost” xidmət göstərən günlük 10-30 dollarlıq gecələmə xərci olan kiçik,ucuz və keyfiyyətli servisi olan otellər,apartmentlər,koteclər,hostellər tikilməlidir və bunları məmurlar deyil sahibkarlar etməlidir.Turizm monopoliyası məmurların əlindən alınmalı və həm onların,həm yerli idarə orqanlarının, ümumiyyətlə turizmə olan müdaxilələr,əngəllər sıfıra endirilməlidir.Mən əminəm ki ,hal-hazırda 2-3 mərtəbəli  cəmi

 10-20 nömrəsi olan kiçik bir otel tikəcək imkana sahib olan Azərbaycanda minlərlə sahibkar tapmaq olar.Sadəcə onların indi bunu edə bilməməsinin səbəbləri hamımıza məlumdur:otelin ən az tikintisi xərci qədər olan qeyri-qanuni əlavə xərclər və məmur əngəlləri.Sahibkarın qarşısında olan bütün maneələr aradan qaldırılmalı,onun sadəcə işinə fokuslanmağı təmin edilməlidir.Hər hansı  turizm müəssisəsi açmaq istəyən sahibkardan ilk 5 il üçün heç bir vergi götürülməməli,böyük güzəştlərlə kredit verilməsi təmin  edilməlidir.Regionlarda turistik məqsədli obyekt tikmək üçün  lazım olan dövlətə aid torpaq sahəsi sahibkara müxtəlif güzəştlərlə,uzunmüddətli faizsiz kreditlə,yarı qiymətilə və ya hətta  müəyyən standart ölçüyədək cüzi simvolik qiymətlə verilə bilər.Təbii ki,bütün bunlar şəffaf nəzarətlə planlı şəkildə aparılmalıdır.Turizmə investisiya qoymaq təşviq edilməli,xarici yatırımcılar da çox böyük güzəştlərlə turizmə investisiya qoymağa həvəsləndirilməlidir.Dövlət sahibkarın dostu olmalıdır.Rəqabət mühiti yaradılmalı,bazarın qiymətləri özünün təyin etməsi təmin edilməlidir.

1

* Türkiyədə (Trabzon/Uzungöl) gecəliyi sadəcə 20 dollar olan 3 mərtəbəli 16 nömrəli kottec tipli otel nümunəsi

Həm menecment,həm də servis personallar tamamilə yenilənməli,peşəkarlar tərəfindən təlimlər keçirilməli,düşüncələr dəyişməlidir.Düşüncələr otelə istirahətə  gələn müştərini aldadıb ondan çox pul qopartmaq üzərinə yox,müştəriyə məmnuniyyət verib onu qazanmaq üzərinə qurulmalıdır. Hələ də bizdə xidmət sözünü özünə sığışdırmayan personallar çox böyük saydadır.Onlara elə gəlir ki,kiminsə istirahətinə xidmət göstərmək ayıb bir işdir.Bu tipli düşüncələri birdəfəlik silmək lazımdır və izah olunmalıdır ki,bu dəqiqə ən inkişaf eləmiş ölkədə belə xidmət etmək,xidmət sektoru ən böyük və qazanclı sahələrdən biri sayılır. Məgər sənin,Zürixin mərkəzindəki otellərdə xidmət göstərib aylıq 3000 frank maaş alan bellboydan nəyin artıqdır?Dünyadaki,200 milyona yaxın turizm işçisindən sadəcə birisən,nədir bu eqonun səbəbi?Bu düşüncə tərzi eynilə bölgələrdəki sakinlərin əksəriyyətində də mövcuddur.Onlarda da təqribən “camaat gəlib burda dincələcək mən də ona hamballıq edəcəm” tipli düşünənlər çoxdur.Məhz bu səbəblərdən,kompleks tədbirlər görülməli,yerli əhalinin də turizm maarifləndirilməsi aparılmalı,görüşlər keçirilməli,onlara turizmin gətirə biləcəyi sərhədsiz faydalar da izah edilməlidir.Yerli camaatın da turizmə həvəslə qatılması üçün səbəblər yaradılmalıdır.Onlara açılacaq olan yeni obyektlərdə iş imkanları təmin edilməlidir. Otelin xidmət personalları bölgələrə Bakıdan aparılmalı deyil,elə həmin bölgənin özündən yığılmalı və ciddi təlimlər keçirilməlidir.Yerli sənətkarlıq məhsulları satan,evində qonaqlama təklif edən,bir sözlə turistlərlə bağlı hər tip xidmət göstərən(məsələn atla gəzintilər təklif edəndən,evinin həyətində təbii kənd məhsullarından hazırlanmış qidalardan ibarət kiçik yeməkxana açana qədər)bölgə camaatına da güzəştlər edilməlidir.

İncoming(gəlmə turizmi) sektoru indiyə kimi demək olar ki dövlət xətti ilə sadəcə biznes və idman məqsədilə gələnlərə xidmət edib.Bu istiqamətlər 180 dərəcə dəyişilməlidir.Təbiət turizminə ciddi keçid edilməlidir.Qafqaz elementi ön plana çıxmalıdır.Hələ ki,başlanğıc üçün turizm çeşidlənməsinə ehtiyac yoxdur.Tək istiqamətdə olsa belə turistləri toplamağa çalışmaq lazımdır.Beynəlxalq praktika da onu göstərir ki,turizmə yeni başlayan ölkələr əvvəlcə tək bir  bölgə ilə beynəlxalq bazara çıxırlar,ora inkişaf edir və inkişaf digər bölgələrə yayılır.Necə ki,Türkiyə Antalyadan başladı indi Kuşadasından Trabzona qədər  saysız turizm mərkəzləri var,necə ki Gürcüstan Bakuriani ilə başladı indi Batumidən Signaghi –yə qədər çoxlu sayda turist qəbul edən yerləri var.Diqqət edin,bu iki ölkənin də bu yerlərə çatmasının səbəbi yuxarıda yazılan qaydaları tətbiq etməsidir.Azərbaycan da tək bölgədən başlamalıdır və bu da mənim fikrimcə Şimal-Qərb zonasından olan Qəbələ-Şəki-Qax- Zaqatala-Balakən şəhərlərindən biri olmalıdır.Buna səbəb həm bu bölgələrin turist cəlb edə biləcək yaxşı təbiətə sahib olması,həm də hədəfimiz olan ölkələrə daha yaxın olmasıdır.Qalır yuxarıda bildirdiyim kimi,seçiləcək şəhərin tamamilə sahibkarların ixtiyarına verilməsi və infrastrukturun qurulması.

Brendinq mütləqdir.Brendləşdirmədən turizmdən söhbət gedə bilməz.”Azərbaycan-Land of fire”  dəyişdirilməlidir bu turistə heç bir vəd vermir.Elə nə gəldisə başımıza bu “fire” üzündən gəldi.Seçilən bölgə brendləşdirilməli və yerli əhəmiyyətli turizm mərkəzi olmaqdan çıxarılıb region əhəmiyyətli turizm mərkəzinə çevrilməlidir.Bunun üçün brendləşmə ilə bərabər hədəf ölkələrdə təbliğat da aparılmalıdır.Necə ki,bizim hər addımda Batumi Adjaria  və ya Bodrum reklamlarına rastladığımız kimi,qonşu ölkələrdə də bizim reklamlar getməlidir.Marketinq,tanıtım büdcəsi ayrılmalı və hədəf kütləyə həqiqətən dəyişdiyimiz haqda  mesajlar ötürülməlidir.Seçilmiş bölgədə müxtəlif festivallar(Göyçay nar festivalı kimi deyil,Octoberfest kimi),konsertlər(məsələn,ildə 1 dəfə David Guettanı Qafqaza gətirib təbiət içində açıq hava konserti keçirmək kimi,yoxsa Elza Seyidcahanı nəzərdə tutmuram J),müxtəlif gənclik kampları,təbiət-macəra-outdoor  aktivlikləri
(trekking,hiking,camping,biking,rafting,paragliding,skydiving,skiing və s),spa-fitness-sağlamlıq müəssisələri  təmin edilməlidir.Və bütün bunlar hər biri ekonomik turizm səviyyəsində olmalıdır.

2

*Gürcüstan Gudauri-də paragliding

Bəs hədəf kimlərdir?Fikrimcə,ilk əvvəl yaxın ətrafdan başlamaq lazımdır,yəni qonşulardan.Ölkədə son baş verən devalvasiya bizə xeyirli olmasa da ətrafımızda olan qonşu ölkələrin bizdə istirahət etməsi üçün münbit şərait yaradır.Çünki,əvvəl bizim manat çox baha idi və gürcülərə,türklərə,ruslara,cənubi azərbaycanlılara,türk dövlətlərinə (Qazaxıstan,Türkmənistan və s.)bura gəlmək qətiyyən sərf etmirdi.İndi bizim manat son 1 ildə 2 qat ucuzlaşdığından ,məzənnə əmsallarında çox böyük dəyişikliklər olub və hələ çox uzun müddətə manatın qalxması proqnozlaşdırılmır.Məsələn əvvəl  1 azn 3 lirə idisə indi artıq 1.90 lirədir.Yəni əgər yuxarıdakı  şərtlər təmin olunarsa ölkəmizdə bir gürcüyə 4 gecə/5 gün istirahət sadəcə 150 dollara başa gələ bilər ki,bu da çox münasib qiymət olar.Və ya bir türk üçün sadəcə 200-250 dollar bəs edər eyni istirahət üçün.(Məsafələr yaxındır deyə bu qiymətlərdə avtobusla və ya şəxsi avtomobillə olan turlar nəzərdə tutulub)Deyə bilərsiniz,məsələn gürcü öz təbiətini qoyub niyə bizə gəlsinki?cavab çox sadədir: bu turizmdir.Turizm yeni yerləri,yeni insanları,görmədiyin yerləri kəşf etməyə sövq edir.Əgər doğurdan dəyişsək və dəyişdiyimizi qonşularımıza çatdıra bilsək bölgədə güclü turizm mübadiləsi yaranar və biz elə təkcə Gürcüstana gedən yüzminlərlə turistimizin çıxardığı valyutanın bir hissəsini gürcü turistlərin hesabına özümüzə qaytara bilərik.Rusiyada da son olan proseslər (Türkiyə ilə münasibətlərin pozulması) onları yeni yerlər axtarmağa yönləndirir.Rus pastasından cəld tərpənsək biz də pay ala bilərik.Qısaca ilkin olaraq qonşu dövlətlər hədəf götürülməlidir.Onların turagentlikləri ilə də ciddi əlaqələr aparılmalı,bura turist göndərmələri üçün təşviqedici işlər görülməlidir.Daha sonra təcrübə yığıb infrastrukturumuzu,otellərimizi,personallarımızı müəyyən səviyyəyə gətirdikdən sonra Avropaya  açılmaq olar.

Yazdıqlarımdan başqa turizmdə təhlükəsizliyin( bura tək polis təhlükəsizliyi deyil hərtərəfli təhlükəsizlik daxildir) təmin olunması mütləqdir.Turist əmin olmalıdır ki,sabah gəlib Balakəndə dincələn vaxt işdir zəhərlənsə(birincisi təbii ki,keyfiyyətsiz qidadan zəhərlənməyəcəyinə əmin olmalıdır J )ona vaxtında yardım edə biləcək peşəkar həkimlər olacaq, şortiklə şəhəri gəzməyə çıxıb yerli evlərdən birinə qonaq getsə onu şortikə görə daşlamayacaqlar,2 qız 2 oğlan meşədə gəzən vaxt onlara heç bir polis və ya sakin müdaxilə etməyəcək, kamera ilə küçədə çəkiliş apararkən təsadüfən kadra ciddi qaqaşlardan biri düşənda başına təsbeh çırpılmayacaq,hər hansı bir maqazində satılan musiqi aləti ilə zarafatvari mahnı oxuyub bunu videoya çəkib əylənmək istəsə,satıcı ona hirslə “get oyanda ula” deməyəcək və s.

Bir sıra problemlər viza aviabilet qiymətləri,benzin qiymətləri,gömrük, problemləri həll olunmalıdır.Bunlarsız sadəcə olaraq, mümkün deyil.Həmçinin neçə ildir ki,Türkiyəlilər hər yerdə Azərbaycanın onlara qarşı vizanı aradan götürməsini istəyir.Bilmirəm bu,məsələ niyə belə problemlidir amma quru yolu ilə gələnlərə də vizanı aradan qaldırmağımız(Hava yolu ilə gələnlərə aeroportda viza tətbiq olunur) əminəm ki,ən azından Qaradəniz və Şərqi Anadoludan xeyli sayda turistin sadəcə avtomobilinə oturub Gürcüstan-Azərbaycan marşrutu üzrə səyahət etməsinə yarayar.

Və ən əsası bütün bunları həyata keçirə biləcək yenilikçi düşüncəli gənc komandası və böyük büdcəsi olan yeni bir turizm qurumu yaradılmalıdır.Çünki turizm köhnə sovet düşüncəsini sevmir.Turizm daima yenilik və onlara adaptasiya tələb edən,yaradıcı,dinamik sahədir.

Əslində yazılanlar xəyal kimi görünsədə mümkünsüz deyil. Məsələn,son addım turizm üzrə lisenziyaların ləğv edilməsi yaxşı addımdır ama tək başına heçnədir,heç bir əhəmiyyəti yoxdur.Palçıqlı su dolu stəkana bir damcı təmiz su damlatmaq kimi birşeydir.O damcı ilə su təmizlənən deyil,gərək çirkli suyu tamam boşaldıb,stəkanı yuyub, içinə təmiz su doldurasan.Turizm lisenziyası zatən öncələri də heç bir işə yaramayan kağız idi.Çünki heçbir şərtə görə verilmirdi və ya hər hansı bir keyfiyyət göstəricisi deyildi.Sadəcə 5500AZN –i olan gedib verib alırdı.Bir sözlə,görüləcək işlər çoxdur,amma hazırki dövrdə bizə ölkəyə valyuta daxil olması hava su kimi lazımdır və bunun yollarından biri də turizmi inkişaf etdirməkdir . Ümid edək ki,həqiqətən turizmdə kağız üzərində deyil real və qəti addımlar atılacaq.

Son xəbərlər
Digər xəbərlər