9 C
Baku
Thursday, December 12, 2024

“Formula 1”ə ayrılan pulları mənimsədi – 1 milyonluq əmlakına həbs qoyuldu

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.

Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.

Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Təqsirləndirilən şəxs həbsdə deyil. Onun haqda istintaq dövrü müddətində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Son xəbərlər
Digər xəbərlər