Azərbaycanda əhali kütləvi şəkildə banklara və valyutadəyişmə məntəqələrinə axın edir.
Banker.azın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, insanlar növbələrə duraraq əllərindəki manatı dollara çevirməyə çalışırlar. Xüsusilə 28 May küçəsi ətrafındakı valyutadəyişmə məntəqələrində canlanma müşahidə edilir. AMB-in açıqladığı rəsmi dollar məzənnəsi bu gün üçün 1,5599 olaraq açıqlanıb. Ancaq valyutadəyişmə məntəqələrində hazırda 1 dollar 1,72 AZN-ə satılır, avro isə 2 manata çatıb.
Ölkədə valyutadəyişmə məntəqələrinin ləğv edilməsi bizə nə verəcək?
Ölkədə 2 mindən çox valyutadəyişmə məntəqəsinin bağlanması təklif olunur. Ancaq burda bir məqam var. Kapital axınını azaltmaq östəyən AMB-in bu qərarı minlərlə insanın işsiz qalmasına gətirib çıxaracaq. Orta hesabla bir valyutadəyişmə məntəqəsində 2-3 nəfər çalışır. Həmin şəxslərin ailə saxladığını nəzərə alaraq kiçik bir hesablama aparsaq ortaya maraqlı rəqəm çıxır. Valyutadəyişmə məntəqələrində çalışan 5-6 min civarında vətəndaş var. Onların hər birinin ailəsi orta hesabla 3-5 nəfər təşkil edir. Nəticə etibarı ilə 5-6 min insanın işsiz qalması faktiki olaraq 15-20 min ailənin çörəksiz qalmasına səbəb olacaq.
Mərkəzi Bank valyutadəyişmə məntəqələrini niyə bağlamaq istəyir?
AMB ilk devalvasiyadan sonra ölkədə valyuta tənzimlənməsi qaydalarına dəyişiklik etməli idi. Hazırda ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin heç də hamısı banklarla əlaqəli deyil. Vəziyyət sabit olduğu dövrdə heç bir problem yox idi. Ancaq indiki məqamda valyutadəyişmə məntəqərinin sahibləri vəziyyətdən istifadə edərək qazanc əldə edirlər. Hazırki vəziyyətdə valyutadəyişmə məntəqələrinin bağlanmasından başqa yol yoxdur. Amma təbii ki, bu addım bir növ sahibkarların fəaliyyətinə müdaxilədir. Təəssüf ki, ölkədə dollar ajiotajı AMB-in belə bir addımı atmağa məcbur edir.