6 C
Baku
Sunday, December 15, 2024

İki devalvasiya şirkətə 110 işçisi bahasına başa gəlib

“2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyaya qədər “Bak Sığorta” ASC-nin 170 əməkdaşı var idi. Hazırda şirkətimizin əməkdaşlarının sayı 60-a (menecment daxil – red.) enib”.

Bu barədə “APA-Economics”ə açıqlamasında sığorta şirkətinin İdarə Heyətinin sədri Ramil Ağayev deyib.

Onun sözlərinə görə, ixtisarlar birinci devalvasiya dalğasından sonra mərhələli şəkildə aparılıb: “Personalımızın 70%-i ixtisar olunub. Əməkdaşlarımızın sayı 170 nəfərdən 60-a enib. Hazırkı vəziyyətdə 60 nəfər şirkətimiz üçün optimal bir saydır. Ona görə ki, sığorta biznesi kəskin surətlə azalıb. Ştatın azaldılması bizdə keçən ilin fevralından mütəmadi olaraq başlamışdı. Həmin dövrdən etibarən biz iqtisadiyyatımızın hansı istiqamətdə inkişaf edəcəyini gözləyirdik. Buna əsasən, çalışırdıq anlayaq ki, ixtisara ehtiyac olacaq ya yox. Çox təəssüf ki, devalvasiyadan sonra vergi yığımları ilə əlaqəli olan addımlar bizim qərarlarımıza çox kəskin təsir edib. Bununla yanaşı, devalvasiyanın birinci dalğasından sonra çoxsaylı şirkətlərin, habelə fiziki şəxslərin sığortalanmağa meyli azaldı. Həmin dövrdə bizim şirkətdə də yoxlamalar başlanmışdı. Açığı biz düşünürdük ki, devalvasiyadan sonra sığorta şirkətlərinə yanaşmada güzəştlər ediləcək. Lakin, çox təəssüf ki, biz bunu görmədik. Halbuki, biz gözləyirdik ki, ən azı gəlir vergisinin minimal məbləği artırılacaq və 300-600 manat maaş alan insanlardan bu vergi tutulmayacaq. Bu, şirkətlərə də böyük kömək olardı. Beləliklə, biz seçim qarşısında qaldıq: ya xərclərimizi azaltmalı idik, ya da əməkdaşlarımızı ixtisar etmədən işimizə davam etməli idik. Sonuncu variant bizə çox mənfi təsir edəcəkdi. Məcburiyyət qarşısında qalaraq, biz ixtisar prosesinə başladıq. Beləliklə, biz hər ay təxminən əməkdaşlarımızın ümumi sayını 10-15% azaltmağa başladıq”.

Şirkət rəhbəri əlavə edib ki, “Bakı Sığorta” ASC-nin bütün filialları ləğv edilib.

“Arzu edirik ki, gələn aylarda iqtisadiyyatda baş verən hadisələri bizi digər radikal addımlara məcbur etməsin”, – deyə R. Ağayev qeyd edib.

Onun sözlərinə görə, indiki durumda sığortaya ehtiyac həddindən artıq çoxalıb: “Ancaq şirkətlərin, xüsusilə bizim bu məlumatı insanlara çatdırmaq vasitələrinin məhdud olmasından biz bu məlumatları insanlara çatdıra bilmirik. Misal üçün deyə bilərəm ki, bu gün hər bir insan sığortalanırsa, o, gələcək devalvasiyadan özünü sığortalayır. Məsələn, devalvasiyaya qədər maşınını 500 manat xərc çəkib sığorta edən şəxs ən azı ehtiyat hissələrinin qiymətinin artmasından özünü sığortalayır. Yəni sabah hansısa hadisə baş verərsə, sığortalanan şəxs 500 manata o artan xərclərini bərpa edir”.

Son xəbərlər
Digər xəbərlər