10 C
Baku
Wednesday, December 11, 2024

Bakıda velosiped zolaqları şəbəkəsinin 50 kilometrə çatdırılması planlaşdırılır

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6,5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı hazırdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, zolaqlar Bakı şəhərinin mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlər başa çatdırılıb. Bulvar ərazisində Dəniz Vağzalının qarşısından “Azneft” dairəsinədək uzunluğu təxminən 2200 metr olan velosiped yolunun təşkil edilməsi ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

Qeyd edək ki, 13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də, bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin 50 km-ə çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər