7 C
Baku
Thursday, December 12, 2024

“Məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir”

İqtisadçı ekspert Samir Əliyev hazırda valyuta bazarında baş verənlərə özü münasibətini bilidirib.

samir_aliyevMərkəzi Bank hər gün dollar satışı həyata keçirir. Ancaq bu satış bazarın ehtiyacını ödəmək qabiliyyətində deyil. Valyuta bazarının ikinci ən böyük donoru olan Neft Fondu isə yeni ildə hələki dollar satışı etməyib. Fond dövlət büdcəsinə bu il ümumilikdə 6 milyard manat və ya indiki məzənnə ilə təxminən 3,9 milyard dollar transfer edəcək. Məzənnədə dəyişiklik olmasa, Neft Fondunun aylıq öhdəliyi 321 milyon dollar olacaq. Deməli, Fond hər ay bazara bu qədər dollar satacaq. Yəqin yaxın günlərdə satış baş tutacaq. Ancaq hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir. Bu ucuzlaşma təkcə neftin ucuzlaşması və kapital axını ilə bağlı deyil. Hərgah, bu iki amil kifayət qədər güclüdür və uzun müddət manatı təzyiq altında saxlayacaq. Artıq son günlər üçüncü amil – spekulyasiya proseslərə diqtə etməyə başlayıb. Üzən məzənnə rejimində, hətta idarə olunan olsa belə, spekulyasiya imkanları genişlənir. Hazırda spekulyasiyanın qiymətlərə təsiri artıb. Spekulyasiya daim məzənnə sabitliyini pozur, məzənnə oynaması kəskin olur. Yəni dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər. Belə halın baş verməsi tam mümkündür. İndiki vəziyyətdə hökumətin kənardan seyirçi mövqedə durması başa düşülən deyil. Mərkəzi Bank bu gün satış həyata keçirtməyib və bunun təkrar olunmamasına zəmanət yoxdur. Həm Mərkəzi Bank, həm də Neft Fondu öz ehtiyatlarını qorumaq niyyətindədir. Neft isə ucuzlaşmaqda davam edir. Devalvasiya hesabına neft dollarları yüksək nominallı manat gəlirlərinə çevrilir. Qiymət artımı hesabına dövriyyə artır və paralel olaraq vergi daxilolmaları da artır. Büdcənin icrasının yükü əhalinin üstünə atılıb.

Hər bir halda belə vəziyyət yaxşı heç nə vəd etmir. Bu gün əsas sual üçüncü devalvasiyanın olub-olmaması deyil. Manatın hansı həddə qədər ucuzlaşması narahatlıq yaradır. Belə getsə dəyişiklik vergüldən əvvəlki rəqəmdə baş verə bilər. Üzən məzənnədə devalvasiya hadisə sayılmır. Çünki proses hər gün gedir. Deməli, üçüncü devalvasiya qorxusu da olmamalıdır. Hökumət özündən asılı olan (kapital axını) və asıl olmayan (neftin ucuzaşması) problemləri həll edə bilmirsə, heç olmazsa spekulyasiyanın qarşısını alsın. Qara bazarın yaradılması ölkənin maliyyə sistemini təhlükə altına ala bilər. Ölkədə dollara tələbat çoxdur. Mərkəzi Bank isə hələki bankların tələbatını qarşılamaq niyyətində olmadığı kimi görünür.

Son xəbərlər
Digər xəbərlər