Bu ilin mart ayında Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı əvvəlki ayla müqayisədə 20 % artıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, fevral ayında orta statistik hesabla gün ərzində 5 104 sərnişin QR biletdən istifadə edibsə, martda bu rəqəm 5 728 nəfər təşkil edib.
Ümumiyyətlə, iş günlərində artım daha çox müşahidə olunub. Fevralın iş günlərində istifadəçi sayı 6 mindən artıq olurdusa, mart ayının hər iş günündə 7 350-dən artıq istifadəçi sayı qeydə alınıb. Martın 5-də 8 min 410, ayın 28-də 8 min 84 QR ilə ödəniş edilib.
Stansiyalar arasında rekord göstərici yenə “28 May” stansiyasına məxsusdur – 16 min 449 sərnişin. Ay ərzində QR biletdən cəmi istifadəçi sayı isə 177 min 567 təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının 30-dan Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəmə sisteminin tətbiqinə başlanılıb.