11 C
Baku
Monday, November 25, 2024

“Bloomberg”: Hindistan 2028-ci ildə iqtisadi artımda Çini keçəcək

“Bloomberg” yazır ki, Hindistan 2028-ci ilə qədər iqtisadi artım baxımından Çini keçə bilər. Çin iqtisadiyyatı artımın yavaşladığını göstərir, Qərb tərəfdaşları Pekini getdikcə daha çox tərəfdaş deyil, rəqib kimi görür; Eyni zamanda Hindistanın fond bazarı inkişaf edir, ölkə xarici investorları cəlb edir və digər ölkələrlə yeni ticarət müqavilələri bağlayır.

“Barclays” və digər investisiya bankları Hindistanın Baş naziri Narendra Modinin növbəti beş illik dövründə qlobal iqtisadi artımın mühərriki kimi Çini əvəz edə biləcəyini proqnozlaşdırır.

“Bloomberg Economics”in təxminləri daha optimistdir: əsas ssenaridə Hindistanın iqtisadi artımı bu onilliyin sonuna kimi 9%-ə qədər sürətlənəcək, Çininki isə 3.5%-ə qədər yavaşlayacaq. Hindistan iqtisadiyyatının 6.5% artacağını nəzərdə tutan ən bədbin ssenaridə Hindistan 2037-ci ildə Çini keçə bilər.

Hazırda Hindistanın ÜDM-i 3.5 trilyon dollar, Çininki isə 17.8 trilyon dollardır. Çin iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə illik müqayisədə 5.2% artıb. Hindistanın ÜDM-i üçüncü maliyyə rübündə (oktyabr-dekabr) illik müqayisədə 8.4% yüksəlib.

Hindistanın ÜDM artımını sürətləndirmək Modinin əsas seçki vədlərindən biridir: 2023-cü ildə o, üçüncü dəfə hökumətə başçılıq edəcəyi təqdirdə ölkə iqtisadiyyatını “dünyada birinci yerə” yüksəltmək üçün hər şeyi edəcəyini deyib.

Bununla belə, Hindistanda iş görmək istəyən xarici şirkətlər pis vəziyyətdə olan yollardan tutmuş bürokratiyaya və ixtisaslı işçi çatışmazlığına qədər müxtəlif problemlərlə üzləşirlər. Bunu düzəltmək və ÜDM artımı baxımından Çini ötmək üçün səlahiyyətlilər infrastruktur tikintisinə, şəhərlərin inkişafına və işçi qüvvəsinin keyfiyyətinə diqqət yetirməlidirlər.

2023-cü ilin yayında “Goldman Sachs” ekspertləri Hindistan iqtisadiyyatının 2075-ci ilə qədər Yaponiya, Almaniya və ABŞ-ni keçərək dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini güman edirdilər.

Bankın proqnozlarına görə, 52 il ərzində Çin iqtisadiyyatının həcmi 57 trilyon dollar, Hindistan 52.5 trilyon dollar, ABŞ isə 51.5 trilyon dollar təşkil edəcək. Hindistanın ən zəngin adamı, “Reliance Industries” şirkətinin rəhbəri Mukeş Ambani (“Forbes”a görə sərvəti 117.1 milyard dollardır, dünyada 11-ci yerdədir) hesab edir ki, 2047-ci ilə qədər ölkənin ÜDM-i 40 milyard dollara yüksələcək.

Son xəbərlər
Digər xəbərlər