7 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstan-Azərbaycan Fondu “Astana” Maliyyə Mərkəzinin bazasında qeydiyyata alınacaq

İlkin kapital həcmi 300 milyon ABŞ dolları təşkil edəcək Qazaxıstan-Azərbaycan Fondu “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin bazasında qeydiyyata alınacaq və ən yaxın zamanda fəaliyyətə başlayacaq.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qazaxıstan səfiri Alim Bayel ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru Ruslan Əlixanovun görüşü zamanı iki ölkənin investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər, xüsusilə, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin 2024-cü il martın 11-12-də Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan “Samruk-Kazına” SC ilə Azərbaycan İnvestisiya Fondu arasında strateji tərəfdaşlıq haqqında Sazişinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin investisiya fondunun iştirak edəcəyi yeni təşəbbüslər müzakirə edilib.

Səfir A. Bayel birgə investisiya fondunun yaradılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm addım olacağını və qardaş ölkələrin regionda maraqlarını əlaqəli şəkildə təşviq etməyə imkan yaradacağını vurğulayıb. Yaradılmaqda olan Qazaxıstan-Azərbaycan Fondu həm iki ölkənin ərazisində, həm də üçüncü ölkələrdə iqtisadiyyatın müxtəlif sektorlarda maraqlı investisiya layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.

Tərəflər, eyni zamanda həm iki ölkə, həm də bütün region üçün böyük geoiqtisadi əhəmiyyətə malik və artıq reallaşdırmaqda olan layihələri yüksək dəyərləndirib. Xüsusi diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişafına, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisi üzərindən tranzitinə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinə, habelə Xəzərin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı əldə olunmuş razılaşmalara yetirilib.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanı ilə dövlət şirkətlərinin və müəssisələrinin, o cümlədən dövlət payına sahib olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi məqsədilə yaradılıb. Holdinq dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda AİH tərəfindən SOCAR, ADY, AZAL, ASCO, AzerGold və digər bu kimi müəssisələr idarə olunur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər