12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın yeni dollar strategiyası

Mərkəzi Bankın ölkədəki dollar ajiotajını yatırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına hərraclar təşkil etməsinə ekspertlər müxtəlif cür yanaşırlar.
Banker.azın ANSpress-ə istinadən verdiyi xəbərə görə, bəzi ekspertlər məsələnin qaçılmaz olduğunu düşünsə də, bəziləri alternativ yollar axtarmağı məsləhət görüblər.

Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, fond tərəfindən bazara həftə ərzində 400 milyon ABŞ dolları emissiya edilib. Bunun 200 milyon dolları ilk hərracda, 200 milyon dolları isə bu gün keçirilən ikinci hərracda emissiya edilib. Hərracda Mərkəzi Bank tərəfindən ayrılmış 100 milyon dollar, yəni ümumilikdə 300 milyon dollar ölkənin 35 kommersiya bankına satılıb. ARDNF-dən o da bildirilib ki, 2016-cı ildə hərraclar vasitəsilə kommersiya banklarına valyuta satışı davam etdiriləcək.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov ANS PRESS əməkdaşı ilə söhbətində bunu normal sayıb: “Dövlət Neft Fondunun büdcə qarşısında manatla öhdəlikləri var. Fond dolları satmalıdır ki, bu öhdəlikləri təmin etsin. Bu həm də bazarda dollar ajiotajının qarşısını alacaq. 2016-cı il üçün dövlət büdcəsi haqqındakı qanunla il ərzində ARDNF-dən dövlət büdcəsinə 6 milyard manat transfer nəzərdə tutulur. Fondun əsas gəlirləri neft satışından xarici valyutada daxil olur. O isə büdcə qarşısındakı öhdəliklərini manatla ödəməlidir. Buna görə daxil olan valyutanın bir qismini mütəmadi olaraq hərraca çıxararaq satmağa borcludur. Digər tərəfdən isə bu qaydada valyuta satışı bazarın xarici valyutaya olan tələbatının bir qisminin ödənməsinə xidmət edir ki, bunu da müsbət hal kimi dəyərləndirmək lazımdır».

Professorun fikrincə, dollar ajiotajını aradan qaldırmaq üçün həm də “qara bazar” iştirakçılarına qarşı sərt tədbirlər görülməlidir. Bu barədə sosial şəbəkədə bu gün dərc etdirdiyi məqaləsində professor öz fikrini bildirib. O, bu cür tədbirlər sırasında dollarla olan kreditlərin məcburi manata keçirilməsindən tutmuş plastik kartlarla ölkədən dollar çıxarılmasını dayandırmaqla bağlı təbdirləri sadalayıb.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev isə ANS PRESS-ə müsahibəsində ARDNF vəsaitlərinin hərracı hesabına dollar ajiotajının qarşısını almağı məsləhətli saymır. Onun fikrincə, dollar ajiotajının qarşısının alınması üçün alternativ yollar var: “Əhalinin 90 faizinin valyuta bazarına heç bir dəxli yoxdur. Əhalinin yalnız 10 faizi vəsaitlərini dollara çevirir”.

Oqtay Haqverdiyevin fikrincə, ölkədə dollar ajiotajını yaradan əsas səbəblərdən biri gizli iqtisadiyyatdır: “Qeyri-rəsmi bizneslə məşğul olan gizli iqtisadiyyatın əlində iri məbləğdə vəsaitlər var və bazara onlar təsir göstərirlər. İlk öncə, gizli iqtisadiyyatı nəzarətə götürmək lazımdır”.

Bütün bunlar öz yerində, dollar ajiotajının aradan qaldırması üçün ölkədən xaricə gerçəkləşdirilən nağdsız əməldiyyatların da ciddi nəzarətə götürülməsi vacibdir. Mərkəzi Bankın pul bazası və strateji ehtiyatlarla bağlı statistikasına baxdıqda manata təzyiqlərin daha çox nağdsız əməliyyatlar vasitəsi ilə baş verdiyini anlamaq olur. Məsələ bundadır ki, hələ 2015-ci ilin mart-aprel aylarında, yəni devalvasiya baş verəndən bir-iki ay sonra ölkədə olan nağd pulun həcmi təxminən 6-7 milyard dollara ekvivalent səviyyəyə düşüb və ilin sonuna kimi bu arada dəyişib. Halbuki ilin əvvəlində həmin rəqəm 14 milyard dollara yaxın olub.

Göründüyü kimi, əhalinin və şirkətlərin əlində olan 7 milyard dollara ekvivalent manat kütləsi dollara çevrilib və bazar sabitləşib, artıq bir neçə aydır ki, nağd vəsaitlər manata elə də ciddi təsir göstərmir. Manata əsas təzyiqlər indi nağdsız əməliyyatlar vasitəsi ilə baş verir ki, Mərkəzi Bank məhz bu nüansı nəzərə almalıdır və bir sıra xarici ölkələrin təcrübəsindən yararlanmalıdır. Bu əməliyyatların milli valyutaya təsirini azaltmaq üçün bəzi ölkələrdə şirkətlərin xaricə köçürmələrinə müəyyən limitlər və kvotalar tətbiq edirlər. Məsələn, ölkədən xaricə vəsait çıxarılmasına yalnız texnoloji avadanlığın və ölkədə analoqu olmayan ən vacib istehlak mallarının idxalı üçün icazə verilir. Bu, milli valyutaya təsirləri azaltmaqla yanaşı, yerli istehsalın stimullaşdırılmasına da imkan yaradır. AMB-nin də bu qəbildən tədbirlər üzərində düşünməsinin vaxtı çatıb.

Son xəbərlər
Digər xəbərlər