Biz işğaldan azad edilmiş ərazilərdə müxtəlif iqtisadi layihələr həyata keçiririk və Başqırdıstanın iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik.
Bu sözləri Bakıda keçirilən Azərbaycan-Başqırdıstan Biznes Forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Başqırdıstan iş adamları Azərbaycanda fəaliyyət göstərən Rusiyanın Ticarət nümayəndəli vasitəsilə əlaqə saxlayıb işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştirak edə bilərlər.
“Bizim agentlik iş adamlarına və şirkətlərə Azərbaycana sərmayə yatırmaq üçün təklif, tövsiyə və məsləhətlər verir, istiqamət göstərir. Azərbaycan qanunvericiliyi xarici iş adamlarına sərmayə yatırması üçün geniş imkanlar verir”, – deyə O.Məmmədov qeyd edib.
O. Məmmədov əlavə edib ki, KOBİA Rusiyanın subyektləri ilə geniş şəkildə qarşılıqlı faydalı əməkdaşlıq etməyə hazırdır.