Ölkədə iqtisadi və maliyyə maarifləndirilməsi sahəsində müasir ədəbiyyatlardan istifadə imkanlarının genişləndirilməsi, xüsusilə də ali məktəblərin iqtisadiyyat fənninin tədrisində bu cür dərs vəsaitlərindən faydalanması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə və intellektual dəstəyi ilə R.Dornbuş, S.Fişer və R.Stars müəlliflər qrupunun “Makroiqtisadiyyat” kitabı ingilis dilindən Azərbaycan dilinə tərcümə və çap edilmişdir.
Orta çətinliyə malik makroiqtisadiyyat sahəsində qabaqcıl dərslik kimi tanınan bu kitab orijinaldan Azərbaycan dilinə peşəkar səviyyədə tərcümə olunmuş, akademik yazı standartlarına uyğun keyfiyyətli redaktə edilmişdir. İngilisdilli iqtisadi ədəbiyyatda geniş yayılmış bir çox müasir anlayışlar Azərbaycan dilinin normalarına uyğun şəkildə istifadə olunmuşdur. Kitab bərk cilddə, yüksək keyfiyyətli kağızda, orijinala uyğun dizayn və palitrada ofset üsulu ilə çap edilmişdir.
Dərslikdə bır sıra nəzəriyyələr və praktik məsələlər qabaqcıl metodoloji üslubda izah edilmiş və dünyanın bir sıra aparıcı ali təhsil ocaqlarında makroiqtisadiyyat fənninin tədrisində geniş istifadə edilir.
Kitab ali təhlisin yuxarı kurs bakalavr və magistr pillələrində dərs vəsaiti kimi istifadə üçün nəzərdə tutulur. 1000 nüsxədə çap edilmiş kitabın Azərbaycanda fəaliyyət göstərən iqtisadiyyat yönümlü ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulmuşdur. Tərcümə və çap işləri kitabın müstəsna yayımı hüququna malik ABŞ-ın McGraw-Hill Global Education Holdings şirkəti ilə Mərkəzi Bank arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir.
Daha ətraflı məlumat əldə etmək üçün +994 12 493 89 51 nömrəsinə zəng edə bilərsiniz.