Sabahdan etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, bu, ölkə rəhbərliyi tərəfindən Azərbaycan turizmi üçün verilən hədiyyədir.
“İşğaldan azad edilmiş ərazilərə fərdi minik avtomobilləri ilə səfər turizmin inkişafına müsbət təsir edəcək. Bunu digər düşmən işğalından azad edilmiş ərazilərə də tətbiq etmək olar. Lakin insanların təhlükəsizliyi nəzərə alınaraq, ərazilər minalardan təmizləndikcə baş tutacaq.
Bunun üçün müəyyən qədər gözləmək lazımdır. Əlbəttə ki, bu da təhlükəsizlik baxımından çox vacib bir məsələdir. Çünki turist istənilən yerə səyahət etdikdə orada böyük bir yaşayış massivinin olması, əhalinin məskunlaşması turistlərdə böyük güvən yaradır. Bu çox önəmlidir”.
Ekspert qeyd edib ki, Laçında tikilməkdə olan hava limanına beynəlxalq statusun verilməsi böyük önəm daşıyır.
“Bu, o deməkdir ki, xaricdən birbaşa Laçına aviareyslər təşkil olunacaq. Bu, həm laçınlıların rifahını yaxşılaşdıracaq, həm də iqtisadiyyata böyük töhfə verəcək. Laçın aeroportu Şuşa və yaxın ətraf rayonlara da, Kəlbəcər, Xankəndiyə də xidmət edəcək. Digər rayonlarda da bu kimi iri layihələr həyata keçirilib. Zəngilan Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. Bu, o demekdir ki, artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaxın illərdə dünyanın aparıcı bölgələrindən olacaq.
Laçının florası çox zəngindir. Laçında 2000-ə yaxın bitki növü var. Bunların da 99%-i insan orqanizmi üçün əhəmiyyətli təbii bitkilərdir, hansı ki, bunları biz bu gün apteklərdə qablaşdırılmış şəkildə görürük. Bu da dədə-baba yurdlarına qayıdan insanlar üçün biznesə çevriləcək. Yəni, burada müəssisələr açıla bilər, təbii bitkilərdən vitamin tərkibli qida məhsulları hazırlana bilər.
Laçında turizmin inkişafı üçün kənd təsərrüfatına daha böyük üstünlük verilməlidir, kənd təsərrüfatında çalışan fermerlərin də işlərində böyük motivasiya yaratmaq üçün yaylaqlarda festivallar keçirilməlidir, orada böyük bazarlar qurulmalıdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin, bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.