8 C
Baku
Monday, November 18, 2024

TRACECA-nın Azərbaycan hissəsi ilə bu il daşınacaq yüklərin həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4 milyon ton təşkil edib.

Bunu TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Onun sözlərinə görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20% çoxdur:

“TRACECA-nın Azərbaycan hissəsi ilə yük daşımalarının həcminin ilin sonuna qədər 16 milyon tona çatması gözlənilir”, – deyə o qeyd edib.

R.Bayramov vurğulayıb ki, son illər ərzində TRACECA dəhlizi ilə yükdaşımaların həcmi artır: “Artım olduğuna görə, biz TRACECA çərçivəsində tədbirlər təşkil edirik ki, çıxacaq problemləri çevik həll edək”.

Xatırladaq ki, TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 7-8 sentyabr 1998-ci il tarixlərində Bakıda 9 ölkənin – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib. Hazırda TRACECA-ya 14 ölkə üzvdür.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər