Ötən dövr ərzində zəmanət mexanizmi çərçivəsində müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
O qeyd edib ki, kreditlər üzrə maksimal faiz dərəcəsinin illik 20% müəyyən olunmasına baxmayaraq, banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə kreditlərinin verilməsi baş verib. Nəticədə, 2023-cü ildə zəmanətli kreditlər üzrə orta illik faiz dərəcəsi 14.2%, subsidiya hesabına borcalanlar tərəfindən ödənilən faiz dərəcəsi 6.2% təşkil edib.
O həmçinin əlavə edib ki, dövr ərzində zəmanətlərin verilməsi şərtləri əhəmiyyətli dərəcədə yumşaldılıb. Hazırda kiçik və orta sahibkarların kredit resurslarına çıxışının genişləndirilməsi üçün kreditin məbləğindən (250 min manatadək – yalnız müvəkkil bankın qiymətləndirməsi, 500 min manatadək isə – minimal sənədlər tələb olunur) asılı olaraq sadələşdirilmiş sənədləşmə və anderraytinq proseduru tətbiq edilir.