1 C
Baku
Saturday, December 14, 2024

Qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırıldı

Daxil olan vətəndaş müraciəti əsasında paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.

Məhsulların qanunvericiliyə uyğun markalanmadığı, qablaşdırma materiallarının yuyulub dezinfeksiya edilməsi üçün ayrıca yuma sahəsinin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, emal sahəsində temperatura nəzarətin aparılmadığı, tavan və divarların tamlığının pozulduğu, məhsulların nəqliyyat vasitələrinə yüklənərək daşınmasının birbaşa dolum sahəsindən həyata keçirildiyi məlum olub. Eyni zamanda, mütəmadi təmizlik işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən edilib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələrin nəticələrinə əsasən nümunələrin normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər