13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Bu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər, çünki ötən dövrün nəticələri pis deyil.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını şərh edərkən deyib.

“Heç nəyi istisna etmək olmaz, bir qayda olaraq, biz ötən dövrün, yəni dörd ayın yekunlarına nəzər salırıq ki, qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı pis deyil, kifayət qədər yüksəkdir, neft sektoru, eləcə də vergi və gömrük daxilolmaları xətti ilə əlavə gəlirlər mövcuddur”, – nazir bildirib.

Onun sözlərinə görə, bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir:

“Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə alınacaq, bizim neftlə yanaşı, qazdan da gəlirimiz var”, – S.Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, beynəlxalq qaz bazarlarında qiymətlər çox dəyişkəndir, belə ki, son vaxtlar qazın qiyməti ucuzlaşmağa başlayıb.

“Bütün deyilənləri nəzərə alaraq, bu gün müəyyən hesablamalar aparılır. Buna görə də həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək”, – S.Şərifov söyləyib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % və 28,1 % çoxdur.

Son nəticədə büdcədə 821,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 52,3 % və yaxud 2,1 dəfə azdır.

Son xəbərlər
Digər xəbərlər