11 C
Baku
Monday, November 25, 2024

Kazino biznesinin leqallaşdırılması Azərbaycan turizminə təkan verə bilərmi?

Müəllif: Nahid Salayev

Sirr deyil ki, ölkədəki iqtisadi və sosial durum əvvəlki illərlə müqayisədə yaxşı deyil, müstəqillik dövründə iqtisadi artımın əsas drayveri olan neftin qiyməti durmadan azalır. Qlobal səviyyədə müşahidə olunan siyasi və iqtisadi proseslər, o cümlədən yaxın qonşumuz İranın uzun fasilədən sonra dünyaya açılması və külli miqdarda neft potensialı ilə bazara aqressiv formada daxil olması bu kontekstdə heç də müsbət perspektivlər vəd etmir.

Etiraf etməliyik ki, Azərbaycan neft sənayesindən əhəmiyyətli dərəcədə faydalana bilib, 1994-cü ildə mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış neft müqavilələri nəticəsində ölkəyə milyardlarla investisiya cəlb edildi, əldə olunan milyardlarla gəlirlər hesabına iqtisadi və sosial problemlər, həllini tapdı, yoxsulluq və işsizlik problemləri demək olar ki, həll olundu, iri infrastruktur layihələri və büdcədən sosial dəstək hesabına hər bir vətəndaş bu və ya digər formada neft gəlirlərinin müsbət effektini ala bildi. Xüsusilə son 10 il ərzində iri neft gəlirləri hesabına Azərbaycan regionun siyasi və iqtisadi liderinə çevrildi, ölkəmiz hərbi gücünü artırdı, iri valyuta ehtiyatlarına sahibləndi və strateji hədəflərinə doğru irəlilədi. Bir sözlə, çox şeyə nail ola bildik.
Amma təəssüf ki, mühüm bir hədəfə tam nail ola bilmədik, yəni neft sektorundan asılılığın azaldılması, iqtisadiyyatın diversifikasiyası, yerli istehsalın və ixrac potensialının əsaslı dərəcədə artırılması kimi iqtisadi təhlükəsizlik məsələləri tam icra oluna bilmədi. Ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə artıqlaması ilə resurslar ayrılsa da, yerlərdə bu resurslar effektiv istifadə olunmadı. Nəticədə, neftin qiymətinin 4 dəfə azalması Azərbaycanı müəyyən problemlərlə üzləşdirib, ölkəyə valyuta axınları da ən azı o qədər azalıb, idxal etdiyimiz məhsul və xidmətlərə görə valyutanın ölkədən çıxışını isə məhdudlaşdırmaq çətindir, Son 10 ildə vərdiş etdiyimiz iqtisadi və sosial yaşam tərzini dəyişmək məcburiyyətindəyik.
Hazırda həm biznes, həm də sosial mühitdə bir çaşqınlıq var. Doğrudur, son günlər ölkə Prezidenti özünəməxsus prinsipiallığı və qətiyyətliyi ilə çevik və təsirli qərarlar qəbul etdi, məmurları da daha çevik, yaradıcı və islahatçı olmağa çağırdı, çaşqın kütləni az da olsa rahatlaşdıra bildi. Amma bu və növbəti tədbirlər hazırkı situasiyada yetərli olacaqmı? Daha yaxşı dövrümüzdə nail ola bilmədiyimiz hədəflərə indi nail ola biləcəyikmi? Bunun üçün yetərli potensialımız varmı?
İllərdir fəxr edirdik ki, biz regiounun ən güclü və nüfuzlu ölkəsiyik və hazırda da belə olduğunu düşünürük. Amma daha da yaxşı ola bilərik. Məsələn, qonşu Gürcüstan bizimlə müqayisədə əhəmiyyətli resurslara və sabitliyə malik deyil, ancaq özünü bir qədər rahat aparır. Çünki zəruri islahatları radikal formada edə bildilər və ölkəyə valyuta axınını təmin etmək üçün effektiv kanallar tapdılar.
Gürcüstanda “kölgə” iqtisadiyyatı minimallaşdırıldı, dövlət strukturları optimizasiya edildi, korrupsiya hallarına son qoyuldu, sahibkarların fəaliyyəti üçün maksimum rahatlıq və sadəlik yaradıldı, müvafiq vergi güzəştləri edildi, prioritet sahələrdə zəruri islahatlar aparıldı. Gürcüstan, milli mentalitet və sovet dövründən qalma vərdişləri və psixologiyanı tamamilə dəyişə bildi, islahatlar çox radikal oldu. Gürcüstana valyuta axınının böyük hissəsini təmin edən turizm sahəsinə böyük diqqət ayrıldı, islahatlar nəticəsində 10 il ərzində ölkəyə turist axını 10 dəfə artaraq 7 mln. nəfərə çatdı. Sirr deyil ki, turist axınını təmin edəcək zəruri infrastruktur, əlverişli qiymətlər, viza sadələşdirilməsi və ucuz nəqliyyat imkanları ilə yanaşı, Gürcüstanda azart oyunların həvəskarları üçün də şərait yaradıldı. Başqa sözlə, ölkədə oyun mərkəzləri və kazinolar üçün sivil hüquqi çərçivə və keyfiyyətli xidmət təşkil olundu, qeyri-leqal fəaliyyət göstərən təhlükəli biznes subyektlərinin fəaliyyətinə son qoyuldu. Kazino biznesinin leqallaşdırılmasından sonra Gürcüstana turist axını daha sürətlə artmağa başladı, o cümlədən Azərbaycandan da məhz oyun məqsədilə Gürüstana səfər edənlər kifayət qədər çoxdur.
Əslində kazino biznesinin uğuru heç kimə sirr deyil və Gürcüstan bu mənada ilk və yeganə nümunə deyil. Məsələn, Sinqapurun uğuru model kimi illərdir öyrənilir. Hazırda bizim regionda oxşar tarixi olan ölkənin uğurunu görən bir sıra qonşu ölkələr də artıq hərəkətə keçiblər. Kazino fəaliyyəti, məhdud formada olsa da, Ermənistan, Belarus, Rusiya və Qazaxıstanda da var və hazırkı situasiyada onlar da aktivləşiblər. Bundan əlavə, Gürcüstan modelinin yaradıcısı Mixeil Saakaşvili, qubernatoru olduğu Odessa regionundan başlamaqla, bütün Ukraynada kazino biznesinin leqallaşdırılması barədə təşəbbüslə çıxış edib, artıq müvafiq qanun layihəsi hazırlanıb və parlamentə təqdim olunub. Qırğızıstan da bu biznesdən kənarda qalmaq istəmir və hökumət səviyyəsində tədbirlər görməkdədir.
Bəs Azərbaycanda necə, bu biznes fəaliyyəti mümkündürmü? Leqallaşdırılarsa, kazino biznesi ölkəmizə əhəmiyyətli turist və valyuta axınını təmin edə biləcəkmi? Yəqin ki, aidiyyəti dövlət strukturları və sahibkarlar bu trendləri izləyirlər. Bu barədə ictimaiyyətdə də vaxtaşırı müvafiq fikir mübadilələri olub.
Əslində bizim coğrafi mövqeyimiz, mədəniyyət və mətbəximiz, biz sözlə, turistik potensialımız daha cəlbedicidir. Bu baxımdan, bizim müqayisəli üstünlüyümüz faktdır və miqyasca daha əlverişliyik. Məsələn, bugün turizm, istirahət, əyləncə, həmçinin oyun məqsədilə Gürcüstana gedən İran, Türkiyə, Rusiya, Orta Asiya və Ərəb ölkələrinin vətəndaşları Azərbaycanı daha üstün tuta bilərdilər. Bu kontekstdə, turist axınının müsbət effektlərini əlavə olaraq qeyd etməyə ehtiyac yoxdur, belə ki, ölkəyə valyuta axını və turistlərə xidmət zənciri üzrə insanların məşğulluğunun artması ən mühüm töhfədir.
Amma təbii ki, kazino biznesinin leqallaşdırılmasından əvvəl bir sıra ciddi məqamlar nəzərə alınmalıdır. İlk növbədə, ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır, mükəmməl və sivil infrastruktur formalaşdırılmalıdır, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmalıdır, yerli əhalinin girişi məhdudlaşdırılmalı və ya ümumiyyətlə qadağan olunmalıdır, lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turistik obyektlərə verilməlidir. Məsələn, bir neçə il öncə Bakı ətrafındakı kiçik adaların birində belə bir kompleksin yaradılması ideyası müzakirə olunurdu. Bu mənada, Xəzər dənizində tikilən “Xəzər Adaları” adlı yeni şəhər sadalanan şərtlərə tam cavab verir. “Xəzər Adaları”nda, faktiki olaraq, neytral zonada sırf xarici turistlər üçün oyun mərkəzləri və kazinoların fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı.
İllərdir turizmin inkişafında yetərli uğura nail ola bilmirik, qeyd olunanlar bir həll variantıdır. Bunun üçün mühüm siyasi qərar lazımdır. Niyə də yox?!
İctimai rəydə “kazino” deyəndə yaddaşlarda ən köhnə stereotiplərin canlanması təbiidir. Hələ də bir qrup adamların nəzərində “kazino” vəhşi qumar masası arxasında “Alkaponisayağı, Terezinisayağı, Don Karleonesayağı birnəfəsə 20-30 adamın güllələnməsi, əxlaqsız qadınların cövlan etdiyi, dövlət qanunları və etik normaların tanınmadığı bir məkan deməkdir. Təbii ki, bunlar yanlış və zamanı çox-çox ötmüş təsəvvürlərdi. Heç olmasa Gürcüstan və qardaşımız Türk Kiprinin bu biznesdəki təcrübələrinə baxmaq kifayətdir. Kiprdə kazino yerlilərin girişinin qadağan olunduğu, ancaq turistlərin hesabına işləyən yüksək əxlaqlı, nümunəvi, sivil, hamının rahat və təhlükəsiz olduğu, yüksək zövq aldığı, sözün həqiqi mənasında elitar məkanlardı. Dövlətə qazandırdığı milyonlar da öz yerində…” Düşünməyə dəyər…

Son xəbərlər
Digər xəbərlər