2030-cu ilə qədər qlobal tələbi ödəmək üçün daha 475 milyon rəsmi iş yerinə ehtiyac olacağı proqnozlaşdırılır.
Bunu Gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber-Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzusunda qiymətləndirməsinin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.
O bildirib ki, 2018-ci ildə qayğı sahəsində qlobal işçi qüvvəsi (təhsil, səhiyyə və sosial iş sektorlarında işləyən bütün şəxslər) 249 milyon qadın və 132 milyon kişidən ibarət olub ki, bu da qlobal məşğulluğun 11.5%-ni təşkil edib: “Qayğı iqtisadiyyatının işçi qüvvəsində ən böyük paya malik olan səhiyyə və təhsil işçiləri ümumi qlobal məşğulluğun 6.5%-ni təşkil edir. Eyni zamanda 2030-cu ilədək 60 yaşdan yuxarı əhalinin payı 40% artacaq və qayğı resipiyentlərinin sayı təqribən 2.3 milyarda çatacaq”.