Avropa İttifaqı (Aİ) Ukrayna məhsulları üçün gömrük rüsumlarının ləğvi rejimini uzadıb. Tədbir 5 iyun 2025-ci ilə qədər uzadılıb. Şəkər, yumurta, toyuq əti, yulaf, qarğıdalı, dənli bitkilər və balın idxalı 2021-ci il iyulun 1-dən 2023-cü il dekabrın 31-dək orta göstəricidən artıq olduqda onların tarifləri və kvotaları bərpa edilə bilər.
“Ukraynanın Avropa İttifaqına idxal rüsumlarının və ixracına kvotaların dayandırılması Aİ Şurasının bugünkü təsdiqindən və Avropa Parlamentinin aprelin 23-də qəbul etdiyi qərardan sonra bir il müddətinə uzadılacaq”, – Avropa İttifaqı Şurasının mətbuat xidməti bildirib.
Aİ ilə Ukrayna arasında ticarətin liberallaşdırılması üçün müvəqqəti rejim 2022-ci ildə təsdiq edilib. Daha sonra 5 iyun 2024-cü ilə qədər uzadılıb. Rejim Ukraynadan gələn bəzi mallar üzrə gömrük rüsumlarının sıfırlanmasını, bütün tarif kvotalarının dayandırılmasını, həmçinin antidempinq rüsumlarının ləğvini nəzərdə tutur. Bir il əvvəl “Euractiv” xəbər vermişdi ki, avropalı fermerlərin şikayətlərinə görə AK Ukrayna ilə ticarətin liberallaşdırılması məsələsinə yenidən baxa bilər.