İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə yeni müşavir təyin edilib.
Banker.az xəbər verir ki, bu, tanınmış iqtisadçı-ekspert Elman Sadıqovdur.
Məlumata əsasən, o iyun ayından etibarən vəzifəsinin icrasına başlayıb.
Sonuncu dəfə Dövlət Məşğulluq Agentliyində Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri vəzifəsində çalışırdı.
Elman Sadıqov – Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini (ərəb dili) və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini bitirmişdir. 1997-2011-cu illərdə Azərbaycan Sənaye Bankı ASC-də valyuta əməliyyatları, kredit/investisiya, plastik kartlar departamentlərinin direktoru, fillial müdiri, idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmışdır. 2011-2021-ci illərdə AtaBank ASC-nin Risk Menecmenti Departamentinin direktoru olmuşdur. Monetar, fiscal və proteksionist siyasət, qlobal iqtisadiyyat, plastik kartlar, alternativ bankçılıq, qeyri-nağd əməliyyatların stimullaşdırılması, bankçılığın müxtəlif aktual istiqamətləri, makroiqtisadiyyat, risklər və risklərin idarə edilməsi sahələrində müxtəlif məqalələrin müəllifidir. 2002-ci ildə ilin treyderi, 2013-cü ilin risk meneceri, 2015-ci ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ekspertlər qrupunun sədri seçilmişdir. 2018-2020-ci illərdə hər il Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası, 2019-cu ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən “Risk peşəkarları şəbəkəsinin formalaşmasında aparıcı roluna görə” nominasiyası üzrə qalib olmuşdur.
Azərbaycan, rus, ingilis, türk və ərəb dillərini bilir.