3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan üç il ərzində dövlət büdcəsinin və cari hesabın ikiqat profisitini qoruyacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.

Neft hasilatının ortamüddətli perspektivdə azalacağına dair proqnozlara baxmayaraq, sabit proqnoz Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı istənilən yeni ticarət şoklarından qorumağa kömək edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.

“Azərbaycanın güclü maliyyə və xarici fond mövqeləri onun suveren reytinqlərini dəstəkləyir. Hökumət Azərbaycan Dövlət Neft Fondunda xeyli likvid aktivlər toplayıb. Hökumətin 2027-ci ilə qədər ÜDM-in təxminən 70 %-ni təşkil edəcək likvid aktivlərə çıxış əldə edəcəyini, ümumi dövlət borcunun ÜDM-in 20 %-i səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq. Neftin qiymətlərinin 2024-cü ilin sonuna qədər orta hesabla 1 barel üçün 85 ABŞ dolları və növbəti illərdə 1 barel üçün 80 ABŞ dolları olacağı proqnozuna əsaslanaraq Azərbaycanın 2024-2027-ci illər ərzində dövlət büdcəsi (orta hecabla ÜDM-in 1,7 %-i səviyyəsində) və cari əməliyyatlar hesabında (ÜDM-in 7 %-i) ikiqat profisit yaratmağa davam edəcəyini gözləyirik”, – hesabatda qeyd olunub.

Beynəlxalq reytinq agentliyinin analitikləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı ÜDM-in təxminən 50 %-ni, məhsul və xidmətlərin ixracının 80 %-ni təşkil edən neft-qaz sektorunda cəmləşib: “Nəticədə Azərbaycan karbohidrogen qiymətlərində potensial mənfi dəyişikliklərə qarşı həssas olaraq qalır. Məsələn, 2015-ci ildə neft qiymətlərinin aşağı düşməsi nəticəsində Azərbaycanın büdcə kəsiri ÜDM-in 7 faiz bəndindən çox eniş edib, cari əməliyyatlar hesabının ÜDM-də payı 14 faiz bəndi zəifləyib, xalis ehtiyatlar yarıdan çox azalıb, əmanətlər dollara çevrilib və milli valyuta devalvasiyaya uğrayıb. Hesab edirik ki, Azərbaycanın bufer ehtiyatları əhəmiyyətli dərəcədə olsa da, onun təmərküzləşmiş iqtisadiyyatını əsas ixrac qiymətlərinin düşməsinin tam təsirindən tam qoruya bilməz. Xüsusən də neft hasilatındakı struktur azalmaları bu qoruyucu buferlərin miqyasını daha da məhdudlaşdırdığı halda belə enişlər davamlı olarsa”.

“S&P” 2024-2027-ci illərdə Azərbaycanın iqtisadi artımının orta hesabla təxminən 2 % olacağını proqnozlaşdırır və bu da karbohidrogen hasilatı sahəsində durğunluğu və qeyri-neft sektorunda ildə 3-4 %-lik artımı əks etdirir.

“2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycanın iqtisadi artımı daha güclü dinamika nümayiş etdirib: neft sektorunda azalmanın baş verdiyi fonda əsasən qeyri-neft sektoru hesabına real ÜDM illik müqayisədə 4,3 % artıb. 2023-cü ildə bu göstərici 1,1 % olub. 2024-cü ilin yanvar-aprel aylarında yük və sərnişin daşımalarının, informasiya-kommunikasiya xidmətlərinin və pərakəndə ticarət dövriyyəsinin genişləndirilməsi hesabına qeyri-neft sektoru 8 %-ə yaxın artıb. Biz həmçinin tikinti sektorunda güclü artımı qeyd edirik. Bu isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qoyulan investisiyaları əks etdirir”, – hesabatda vurğulanıb.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər