Bu ilin I rübündə Azərbaycanın cari hesablar balansının müsbət balansı hesabına tədiyə balansı profisitlə icra edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadənin şərhində bildirilir.
Onun sözlərinə görə, qeyd edilən dövrdə xarici ticarət balansının müsbət icrası ilə əlaqədar cari hesablar balansının profisiti ÜDM-in 10,1 %-ni təşkil edərək 1,7 milyard ABŞ dolları olub.
“Cari hesablar balansının profisitinin ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azalması xarici ticarətin müsbət balansının 2,1 milyard ABŞ dolları və yaxud 43 % azalması ilə əlaqədardır. Xarici ticarət balansının ötən illə müqayisədə azalması isə qeyri-neft/qaz xarici ticarət balansının kəsirinin 16,4 % artımı, neft-qaz xarici ticarət profisitinin isə 25,5 % azalması ilə bağlıdır. Nəticə etibarı ilə qeyri-neft/qaz sektoru üzrə rezidentlərin hesabına daxilolmaların azalması qarşılığında qeyri-rezidentlərə ödənişlər artıb.
Cari hesabların digər komponenti olan xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % azalıb. Kəsirin azalmasının aparıcı amili xidmətlər ixracının 22,7 % artımı ilə əlaqədardır. Belə ki, neft-qaz sektoru üzrə xidmət ixracı 6,1 %, qeyri-neft/qaz üzrə xidmət ixracı isə 28,9 % artıb. Bundan əlavə, qeyri-neft/qaz idxalının azalması mövcud kəsirin azalmasına töhfə verib. Xidmətlər balansının defisitinin azalması nəqliyyat üzrə profisitin artımı, turizm sektorunun kəsirdən profisitə dönüşü, habelə sığorta, maliyyə, royalti-lisenziya və digər işgüzar xidmətlər üzrə kəsirin azalması ilə əlaqədardır”, – deyə N.Hacızadə qeyd edib.
“Önəmli istiqamətlərdən biri olan ilkin gəlirlər balansından neft-qaz sektoru üzrə kəsirin 906,5 milyon ABŞ dolları olmasına baxmayaraq qeyri-neft/qaz üzrə 340,1 milyon ABŞ dolları olub. Azərbaycanlı investorların xarici ölkələrə yatırdığı birbaşa investisiyalar üzrə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 9%, qeyri-neft/qaz sahəsi üzrə qoyulan birbaşa investisiyalardan əldə edilən gəlirlər isə 92 % artıb. Xarici investorların Azərbaycana yönəltdiyi birbaşa xarici investisiyalardan əldə edilən gəlir əsasən neft-qaz sektorunu əhatə edir. I rübdə xarici investorlar Azərbaycana qoyulan birbaşa investisiyalardan 837,3 milyon ABŞ dolları məbləğində gəlir əldə ediblər ki, bu məbləğin 93,8 %-i xam neft və qaz şəklində repatriasiya vasitəsilə əldə edilib”, – deyə şöbə müdiri vurğulayıb.
Onun sözlərinə görə, rüb ərzində ehtiyatların idarə edilməsindən əldə edilən gəlir 300,9 milyon ABŞ dolları olub: “Bu məbləğin də əhəmiyyətli hissəsi Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankının ehtiyatların idarə edilməsindən üzrə əldə etdiyi gəlirə aiddir. Buna qarşılıq, yerli qiymətli kağızlara qoyulan investisiyalara görə qeyri-rezidentlərə faiz ödənişi 146,6 milyon ABŞ dolları, qeyri-neft-qaz sektoru üzrə qiymətli kağızlardan ödənilən faiz ödənişi isə 51,7 milyon ABŞ dolları olub. Bundan əlavə, Azərbaycan xarici ölkələrə verilən kreditlərə görə faizlər, həmçinin digər ödənişlər üzrə 206,9 milyon ABŞ dolları gəlir əldə edib ki, bunun da 91,9 %-i qeyri-neft-qaz sahəsinə aiddir”.
“İlkin gəlirlər balansının sonuncu və önəmli istiqamətlərindən biri olan təkrar gəlirlər üzrə profisit 40 % azalıb. Təkrar gəlirlərin əsas komponentləri xarici ölkələrə köçürülən pul baratları və əksinə, qeyri-rezidentlərdən ölkəmizə göndərilən vəsaitlərdir. Qeyd olunan maddə üzrə Azərbaycana köçürülən vəsaitlərin yarısından çoxu Rusiyadan daxil olur. Belə ki, ötən il ölkəmizə daxil olan pul baratları 451,5 milyon ABŞ dolları təşkil etdiyi halda, bu il bu rəqəm 34,8 % azalaraq 294,4 milyon ABŞ dolları təşkil edib. I rübdə Rusiyadan Azərbaycana daxil olan pul baratları ümumi daxil olmanın 52,8 %-ni təşkil etməklə, ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 % azalıb. Qeyd edilən dövrdə İraqdan daxil olan pul baratları 7,9 dəfə, Avstriyadan 5 dəfə, Sinqapurdan isə 64 % artıb”, – deyə N.Hacızadə qeyd edib.
“Tədiyə balansının maliyyə hesabında baş verən dəyişikliklər də diqqətdən qaçmır. Belə ki, aparıcı faktor kimi xalis maliyyə öhdəliklərinin azalması hesabda 1,6 milyard ABŞ dolları məbləğində kəsir yaranmasına gətirib çıxarıb. Maliyyə hesabında yaranan kəsirinin əsas səbəbi portfel investisiyalar maddəsində xalis maliyyə öhdəliklərinin azalması, o cümlədən ölkəyə idxal edilən mal və xidmətlərin dəyərinin ödənilməsi ilə bağlıdır. Habelə, ixrac edilən məhsullar üzrə vəsaitlərin ödənilməsi maliyyə aktivinin azalmasını, bütövlükdə kəsirin yaranmasını stimullaşdırır. Xarici ölkələrə yatırılan birbaşa xarici investisiyalar 330,5 milyon ABŞ dolları olması qarşılığında 342,4 milyon ABŞ dolları investisiya ölkəyə qayıdıb ki, nəticədə birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri mənfi 11,9 milyon ABŞ dolları təşkil edib. Rübüərzində azərbaycanlı investorların qeyri-neft-qaz təyinatlı investisiya qoyuluşu üzrə xalis maliyyə aktivləri 264,6 milyon ABŞ dolları artıb”, – deyə şöbə müdiri vurğulayıb.
Onun sözlərinə görə, rüb ərzində Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artaraq 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb: “Habelə, cari ilin ilk rübündə birbaşa xarici investisiyaların ÜDM-ə nisbəti 8,8 %, qeyri-neft/qaz birbaşa xarici investisiyaların qeyri-neft/qaz ÜDM-ə nisbəti isə 1,7 % təşkil edib. Buna baxmayaraq, qeyri-rezidentlərin yerli iqtisadiyyata qoyduğu birbaşa xarici investisiyalar üzrə xalis maliyyə öhdəlikləri 358,7 milyon ABŞ dolları azalıb. Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın 12,4 %-i qeyri-neft/qaz sektorunun payına düşür. I rübdə Azərbaycana ən çox birbaşa xarici investisiyanı Böyük Krallıq (443,2 milyon ABŞ dolları), Türkiyə (261,4 milyon ABŞ dolları), BƏƏ (190,7 milyon ABŞ dolları) yatırıb.
Portfel investisiyalarında isə maliyyə öhdəlikləri əhəmiyyətli ölçüdə azalıb. Belə ki, 900 milyon ABŞ dolları dəyərində xəzinə avrobondlarının geri alınması xalis maliyyə öhdəliklərinin azalması ilə nəticələnib. Buna baxmayaraq, maliyyə aktivləri səhmlərə artan investisiya qoyuluşları ilə bağlı olaraq artıb. Qeyri-rezidentlərin emissiya etdiyi borc qiymətli kağızlarını Dövlət Neft Şirkətinin (SOCAR) 163,4 milyon ABŞ dolları dəyərində satması aktivlərə azaldıcı təsir göstərib. Buna baxmayaraq, 116,6 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz təyinatlı xarici borc qiymətli kağızların artımı isə aktivlərə artırıcı təsir göstərib. Bütövlükdə borc qiymətli kağızlar üzrə maliyyə aktivləri 28,4 milyon ABŞ dolları azalıb”.
“Ticarət kreditləri və avans maddəsi üzrə xalis maliyyə aktivləri 417,1 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 797,2 milyon ABŞ dolları azalıb. Bu maddə üzrə yaranan defisit 380,1 milyon ABŞ dolları təşkil edir. Sözügedən maddə üzrə aktivlərin azalması ödənişini etdiyimiz malların ölkəyə idxal edilməsi, həmçinin ixrac üzrə göndərilən mal və məhsulların ödənişinin alınması ilə əlaqədardır. Öhdəliklərin azalması isə idxal etdiyimiz məhsulların ödənişinin geri alınması, ixrac üzrə vaxtında köçürülən pul qarşılığında mal və məhsulun qeyri-rezidentə satılması ilə əlaqədardır. Nəticə etibarı ilə cari hesablar balansında yaranan profisit makroiqtisadi sabitliyin əsas lövbəri olub. Profisitli tədiyə balansı Azərbaycanın strateji valyuta aktivlərinə 116 milyon ABŞ dolları töhfə verib”, – deyə N.Hacızadə qeyd edib.