1 C
Baku
Saturday, December 14, 2024

Dolların güclənməsi ABŞ iqtisadiyyatına necə zərər vurur?

2015-ci il ərzində amerikan valyutası daimi olaraq artırdı və belə görünür artmağa davam edəcək. Bu dəyişikliklər amerikalıların alıcılıq qabiliyyətini artırdı, lakin bütün bunların mənfi cəhətləri də mövcuddur. Dolların güclənməsi yalnızca digər ölkələrdə deyil, ABŞ-da da iqtisadi problemlərə səbəb olur.

Banker.az bu mənfi cəhətlərin bəzilərin aşağıda qeyd etmişdir:

Amerika şirkətlərində gəlirin enməsi:

Dolların güclənməsi amerikalı şirkətlərin maliyyə göstəricilərinə mənfi təsir edir və bu şirkətlər əsas olaraq bütün dünyada fəaliyyət göstərən şirkətlərdr. 500 nəhəng ABŞ şirkətlərinin gəlirinin 40%-i xaricdə fəaliyyət göstərən filiallardan əldə edilir. Satışlar xarici ölkədə yerli valyuta ilə artdıqda belə, həmin məbləği dollara çevirdikdə bir o qədər effektivlik əldə edilmir. Məsələn, 2015-ci ilin nəticələrinə görə IBM şirkətinin gəliri 1 milyard dollar azalmış, mənfəəti isə 7 milyard dollar ixtisara məruz qalmışdır. Və bu hələ problemlərin başlanğıcıdır.

Dərman istehsalı ilə məşğul olan Pfizer şirkəti isə valyutaların dəyərinin dəyişməsi səbəbindən 2015-ci ildə 2,8 milyard dollar gəlir itirdi. P&G şirkəti də problemlərlə üzləşdi. Onun bölməsi olan Duracell-in gəliri 31%, satış həcmi isə 4% azalmışdı. P&G şirkəti itkilərin həcmini azaltmaq məqsədilə əməkdaşlarının bir hissəsini işdən azad edir, həmçinin ənənəvi reklamları internet-kampaniyaları ilə əvəz edir. Bundan əlavə, nəhəng şirkət 20 yeni zavod inşa etdirir ki, bu zavodların da əksəriyyəti daşınma və işçi qüvvəsinə sərf edilən xərcləri azaltmaq məqsədilə inkişaf etməkdə olan ölkələrdə tikilir.

Fond bazarında gəlirlərin enməsi:

Qlobal şirkətlərin keçən il ərzində gəlir itirməsi ABŞ-ın fond bazarı üçün də təhlükə daşıyır. Çünki hazırda investorların da gəlirləri azalmışdır. Onlardan bəziləri öz investisiya portfellərində dəyişiklik edir və kiçik amerikalı şirkətlərə üstünlük verərək nəhəng beynəlxalq şirkətlərə daha az yatırım edirlər.

Mütəxəssislər bildirirlər ki, qiymətli kağızlar portfelinin strukturunu dəyişmək üçün artıq çox gecdir. Əgər investorlar indi öz səhmlərini nəhəng transmilli şirkətlərə satsalar, dollar yenidən zəiflədikdə onlar itki ilə üzləşməklə risk edirlər. Avropalı qiymətli kağızlara yatırım edən amerikalı investorlar da bu vəziyyətdən əziyyət çəkirlər. Belə ki, avro dollara münasibətdə enir.

İş yerlərinin sayının azaldılması:

Dollar zəif olduqda Amerika ixracatı dünya bazarında daha çox rəqabətə dözümlü idi, idxal məhsullarına olan tələbat isə azalırdı. Bu öz növbəsində ABŞ-ın ticari və büdcə kəsrini azaldır, iqtisadiyyatı stimullaşdırır və iş yerlərinin sayını artırırdı. İndi isə ixracın dəyəri artır və biznesə ziyan vurur ki, bu da tələb olunan işçi qüvvəsində mənfi dəyişiklikləri zəruri edir. Məsələn, 2015-ci ilin mart ayında ABŞ-da kənd təsərrüfatı sahəsindən kənarda iş yerlərinin sayı yalnızca 126 000 ədəd artmışdı. Bu 2013-cü ilin dekabr ayından həmin dövrə qədər olan ən pis göstərici idi. İqtisadçılar iki dəfə artıq olan bir göstərici proqnozlaşdırmışdılar.

Xüsusən, istehsalat sahəsində iş yerlərinin sayı azalmışdır ki, bu da öz ardınca xidmət sahəsində vakansiya saylarının azalmasına səbəb oldu. 2015-ci ildə fabrik və zavodlarda ümumilikdə 35 000 vakansiya irəli sürülmüşdür. 2014-cü ildə isə bu göstərici 200 000 idi.

Problemlərə baxmayaraq, 2015-ci ildə ABŞ-da iş yerlərinin sayı 2,7 milyon artmışdır. Artımlar isə elektron kommersiya, tikinti və kino sənayesində müşahidə edildi. Problem isə ondadır ki, bu yeni iş yerlərinin əksəriyyəti müvəqqəti xarakter daşıyır. Vəziyyətin növbəti inkişafı Federal Ehtiyat Sisteminin fəaliyyətindən asılıdır. Açar mövqeli faiz dərəcəsinin artırılması vəziyyəti daha da pisləşdirə bilər. Bundan əlavə, vəziyyət Çinin fond bazarında fəaliyyətindən də asılıdır.

Bankların rəqabət qabiliyyətinin olmaması:

ABŞ-ın Federal Ehtiyat Sistemi ölkənin 8 bankında öz kapital həcmini artırmağı tələb etmişdi. Tənzimləyici bununla bank sistemini təhlükəsiz vəziyyətə gətirib çıxarmaq istəyir. Nəhəng banklar istənilən həyəcan anında vəsaitlərini külli şəkildə geri götürə biləcək şəxsi yatırımlara deyil, səhmdarlar tərəfindən maliyyələşməyə etibar etməlidirlər.

Bank nümayəndələrinin fikrincə, dolların avroya münasibətdə artması siyasəti nəticəsində amerikalı banklar öz əcnəbi rəqiblərindən fərqli olaraq “qara gün” üçün daha çox vəsait saxlamalıdırlar. Bu isə Citigroup, Goldman Sachs, Bank of America və Morgan Stanley kimi bankların rəqabət qabiliyyətini aşağı salır.

Son xəbərlər
Digər xəbərlər