Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dəyəri 20 milyon manat olan logistik mərkəzin yaradılması təklif edilir.
Layihənin icrasında əsas məqsəd Cəbrayıl rayonu ərazisində qurulması nəzərdə tutulan logistik mərkəz vasitəsilə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təchizatçı funksiyalarının həyata keçirilməsidir. Logistik mərkəz Laçın, Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd va Cəbrayıl rayonlarında həyata keçiriləcək layihələr üçün tikinti materialları ilə təmin edə bilər.
Tikintidə istifadə ediləcək mal-materialın vahid mərkəzdən təczhizatı, bərpa prosesində fəaliyyət göstərəcək işçi heyətinin, o cümlədən dövlət qurumlarının regional bölmələrinin işçilərinin zəruri ehtiyaclarının ödənilməsi məqsədilə ticarət və xidmətlərin təşkili, regiona idxal və ixrac edilən məhsullar üzrə anbar və logistika xidmətlərinin təşkili mərkəzin fasiləsiz fəaliyyətinin qurulmasına imkan yaradacaq
Zəngəzur dəhlizinin nəqliyyat qovşağının üzərində yerləşməsi beynəlxalq nəqliyyat -kommunikasiya layihələrinin həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətə görə, müəssisələr 10 il müddətinə mənfəət, əmlak, torpaq, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunur. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların ödədikləri kommunal xidmətlərin tariflərinə uyğun olaraq vəsaitin 20 %-i məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi nəzərdə tutulur.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaradılıb. Sənaye parkı 200 hektar ərazini əhatə edir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 10 rezidenti və 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək sənaye parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb.