Bu gün Azərbaycanın açıq olan yeganə quru sərhədi qardaş Türkiyə ilə olan Sədərək Gömrük Postudur.
Bunu iyulun 5-6-da Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri zamanı Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev deyib.
V.Əliyev bildirib ki, gün ərzində 2500-3000 nəfərə yaxın vətəndaşa xidmət göstərilir.
“Eyni zamanda 350-400-ə yaxın minik nəqliyyat vasitəsinə xidmət göstəririk. Buraxılış məntəqəsi 24 saat ərzində fəaliyyət göstərir. Hazırda Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün giriş-çıxış açıqdır. Naxçıvanda qeydiyyatda olan vətəndaşlar sərbəst şəkildə qardaş dövlətə gedib gələ bilərlər. Eyni zamanda Türkiyə vətəndaşları da Naxçıvana rahat gəlib-gedə bilərlər”, – V.Əliyev əlavə edib.