İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında bildirib ki, Tehran BRICS ölkələrinin ödəniş sistemlərini birləşdirməyi təklif edib, Moskva bu təşəbbüsü müsbət qiymətləndirib.
BRIC ittifaqı 2006-cı ildə yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çini əhatə edib. 2010-cu ildə təşkilata Cənubi Afrika qoşulub və onun adı dəyişdirilərək BRICS olub. 2024-cü il yanvarın 1-dən Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya assosiasiyaya qoşulub.
Rusiyanın “Mir” və İranın “Shetab” sistemlərinin inteqrasiyasının başa çatdığını iyulun 6-da İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin bəyan edib. O, avqust ayında Rusiyada İran ödəniş sisteminin işə salındığını və Moskva ilə ticarət əməliyyatlarında ofşor rialdan istifadə ediləcəyini açıqlayıb. Rusiya ödəniş sisteminin İranda tətbiqi ilə bağlı danışıqlar 2022-ci ildən davam edir.