13 C
Baku
Saturday, November 16, 2024

BP payızda “Şahdəniz” yatağında SDA platformasındakı generatorları istismardan çıxaracaq

“Şahdəniz” yatağının işlənməsi üzrə operator olan BP şirkəti bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” (SDA) platformasındakı elektrik generatorlarını tamamilə istismardan çıxarmağı planlaşdırır.

Bu barədə  “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlı məlumat verib.

T.Bayatlı xatırladıb ki, SDA dəniz platformasında elektrik enerjisi qalıq yanacaqlar ilə işləyən 5 generator tərəfindən istehsal olunur: “Şirkət hələ 2022-ci ildə elan edib ki, 2024-cü ildən onların istifadəsindən imtina edəcək və SDA platforması elektrik enerjisi ilə digərindən – “Shah Deniz Bravo”dan (SDB) təmin olunacaq”.

“Bu layihə üzrə işlər hələ tamamlanmayıb. “Şahdəniz Alfa” platformasında həm qaz, həm də dizellə işləyən 5 generatorun hər biri hələ də işləyir, lakin tezliklə istismardan çıxarılacaq. Biz bunun 2024-cü ilin üçüncü rübünün sonuna qədər – təxminən sentyabrda həyata keçiriləcəyini gözləyirik”, – o bildirib.

Məlumata görə, layihənin həyata keçirilməsi SDA hasilat platformasının enerji təchizatını və səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həmçinin atmosferə atılan emissiyaları azaldacaq.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” layihəsində “Cənub Qaz Dəhlizi” QSC-dən (SGC) 5 %-lik pay alıb. Sövdələşmənin 2024-cü ilin üçüncü rübündə bağlanması planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər