21 C
Baku
Saturday, September 28, 2024

Türkmənistanın Azərbaycana satdığı təbii qazın həcmi 49% azalıb

Azərbaycanın 2024-cü ilin ilk beş ayında Türkmənistandan idxal etdiyi svop qazın həcmi illik müqayisədə 49% azalıb.

Banker.az-ın əldə etdiyi rəsmi göstəricilərə görə, Azərbaycan Mərkəzi Asiya ölkəsindən yanvar-may aralığında 294.8 milyon kub-metr təbii qaz idxal edib. Bu təbii qaza görə Azərbaycan Türkmənistana 44.2 mln. ABŞ dolları məbləğində valyuta ödəyib.

2023-cü ilin müvafiq dövründə Türkmənistan Azərbaycana 583.5 mln. kub-metr təbii qaz satmışdı və buna görə 86.9 mln. dollar ödənmişdi.

Azərbaycan Türkmənistandan təbii qazı İranın vasitəsi ilə idxal edir. Türkmənistan təbii qazı İrana ixrac edir, İran isə mübadilə əsasında həmin həcmi Azərbaycan tərəfə ötürür. Bu saziş 2021-ci ilin noyabrında Aşğabadda üç ölkə liderinin arasında imzalanmış saziş əsasında icra edilir.

Sazişə görə, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1.5-2 milyard kubmetr qaz tədarük edəcəkdi. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanılıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb.

2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlmişdilər.

2024-cü ilin yanvarında isə Bakı və Aşqabad arasında qazın svop tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparıldığı bildirilmişdi.

Azərbaycan 2023-cü ildə ümumilikdə iki Xəzəryanı ölkədən 2.332 mlrd. kub-metr mavi yanacaq alıb və 1000 kub-metri üçün 150 dollar ödəyib.

Banker.az-ın apardığı araşdırmalara əsasən, Azərbaycan 2022-ci ilin dekabrına qədər təbii qazın hər 1000 kub metrini Türkmənistandan 140 dollara alırdı. Həmin tarixdən 2024-cü ilin mayına qədər qiymət hər 1000 kub-metr üzrə 10 dollar artaraq 150 dollar olub.

Bununla belə, təbii qazın Avropa bazarındakı qiyməti keçən ilkindən xeyli aşağıdır. Olduqca volotil qiymətə sahib olan bu yanacaq Azərbaycana hər 1000 kub-metr üzrə 2023-cü ilin ilk beş ayında orta 759 dollar gəlir verdiyi halda, qiymətlər cari ilin müvafiq dövründə 348 dollara düşüb. Qeyd edilən göstəricilər Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslanıb.

Son xəbərlər
Digər xəbərlər