Avropa Parlamentinin 705 deputatından 63-ü Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Parlamentinin rəhbəri Roberta Metsolaya müraciət edib. “Politico” xəbər verir ki, Avropa Parlamentinin deputatları bəyanatda Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərləri səbəbindən Avropa Şurasında səsvermə hüququnun dayandırılmasını tələb edirlər. Qeyd edək ki, Macarıstan iyulun 1-dən bu ilin sonuna qədər Aİ Şurasına sədrlik edib.
“Politico” məktubun mətnindən sitat gətirir: “Bu, Macarıstanın Aİ Şurasında səsvermə hüququnun dayandırılması kimi real addımları tələb edir, çünki praktika göstərdi ki, sadə ictimai qınaq nəticə vermir”.
Deputatların fikrincə, o, səfərləri ilə “şura sədri vəzifəsindən sui-istifadə edərək, artıq xeyli ziyan vurub”. Bundan əlavə, “Bild” xatırladır ki, dünən, iyulun 15-də Avropa Komissiyası öz komissarlarından Macarıstanın Aİ Şurasına sədrliyi dövründə nazirlərin qeyri-rəsmi görüşlərində iştirak etməməyi xahiş edib.
İyulun əvvəlində Viktor Orban Kiyevə səfər edib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və onunla atəşkəs imkanlarını müzakirə edib. Bundan sonra Macarıstanın Baş naziri Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya, daha sonra isə Çinə gəlib. Cənab Orban bu səfərləri sülhə nail olmaq missiyasının bir hissəsi adlandırıb.