Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməklə Ukraynaya 3.3 milyard dollar məbləğində yardım edəcək. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Ukraynaya kömək məqsədilə Rusiya aktivlərindən istifadə ilə bağlı yekun qərarın iyulun sonunda veriləcəyi planlaşdırılır. Daha sonra Braziliyada G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü baş tutacaq.
Nəşr qeyd edir ki, ABŞ və Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək hər biri 20 milyard dollar ayıracaq. Ukraynaya daha 10 milyard dollar yardımı Yaponiya, Böyük Britaniya və Kanada bölüşəcək. Yaponiya tərəfinin ayırmağı planlaşdırdığı məbləğ G7 dövlətlərinin ümumi yardımının təxminən 6%-ni təşkil edir.
İyunun əvvəlində Ukraynanın müdafiə naziri Rustem Umerov Yaponiyanın 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard dollardan çox yardım ayırdığını açıqlayıb. İyunun 13-də Yaponiya ilə Ukrayna arasında 10 illik təhlükəsizlik sazişi imzalanıb.