12 C
Baku
Monday, November 25, 2024

Kibercinayətkarlığa qarşı DİN və bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb

Kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq.

DİN-dən verilən məlumata əsasən, bu barədə qərar nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Banklar Assosiasiyası”nın birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə bank kartlarından kibertalamalara dair aktual problemlərin müzakirə edilməsi məqsədilə təşkil olunan işçi görüşdə qəbul edilib.

Tədbirdə çıxış edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev kibertalama və kiberdələduzluq hallarının qarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlərdən söz açan Baş İdarə rəisi bu sahədə işlərin daha da gücləndirilməsi üçün birgə səylərin artırılmasının və qarşılıqlı əlaqənin yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib ki, bank kartlarının kibertalanması vətəndaşların sosial rifahına birbaşa mənfi təsir edən amillərdəndir. F.Osmanov bu sahədə problemlərin qısa zamanda aradan qaldırılması üçün mövcud olan beynəlxalq təcrübələrdən də istifadə olunmasının effektiv nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Tədbirdə həmçinin çıxış edən bankların kibertəhlükəsizlik üzrə məsul şəxsləri, departament direktorları və bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən rəhbər şəxslər kartlardan pul vəsaitlərinin talanmasının qarşının alınması, eləcə də Baş İdarə ilə koordinasiyalı işlərin görülməsi məqsədilə qısa zamanda təkliflərin hazırlanacağını və aidiyyəti üzrə təqdim ediləcəyini vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər