8 C
Baku
Friday, December 13, 2024

Yeni təklif: Vergi borcu olanlara kredit verilməsin

Azərbaycanda vətəndaşların bələdiyyələrə əmlak vergisi borcunun ödənilməsini təmin etmək məqsədilə bələdiyyəyə borcu olan vətəndaşlara kredit verilməməsi təklif edilir.

Bakının Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov Trend-ə bildirib ki, bələdiyyəyə vergi ödənişləri məcburi qaydada həyata keçirilməlidir: “Bunun üçün müvafiq icra hakimiyyəti orqanlarının kompleks tədbirlərə qatılması təmin edilməlidir. “ASAN xidmət”, sərhəd-keçid məntəqələri, notariuslar da bu işlərə cəlb olunmalıdır. Eyni zamanda, banklarda bələdiyyələr tərəfindən hazırlanan borclu vətəndaşların siyahısı olmalıdır ki, kredit verilən zaman bu, nəzərə alınsın və bələdiyyələrə olan borcun ödənilməsi tələb edilsin”.

N.Qaraxanov hesab edir ki, bu yolla vətəndaşları bələdiyyələrə olan vergi borclarını ödəməyə məcbur etmək olar. N.Qaraxanov bildirib ki, bələdiyyələrin heç bir inzibati tədbir görmək imkanı olmadığı üçün vətəndaşlar vergi borcunu ödəməkdən yayınırlar.

Onun fikrincə, vətəndaşların vergi borcunun olması barədə məlumat banklar üçün də faydalı ola bilər: “Yəni kredit götürmək istəyən şəxs vergi borcunu ödəmirsə, kredit borcunun ödənilməsində də problem yarana bilər”.

N.Qaraxanov, eyni zamanda vergi borcunu ödəməyən vətəndaşların xaricə getməsinə qadağa qoyulmasını məqsədəuyğun hesab edir.

Bələdiyyə sədri bu və ya digər təklifləri Milli Məclisə təqdim etdiyini deyib.

Son xəbərlər
Digər xəbərlər